Tailand Kamboca hərbçilərinin istifadə etdiyi kazinoya aviazərbələr endirib
Dünya
1236
18:15, Bu gün

Tailand Kamboca hərbçilərinin istifadə etdiyi kazinoya aviazərbələr endirib

Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarələri iki ölkə arasındakı sərhədin cənub hissəsi yaxınlığında, Kambocanın Pousat əyalətində Kamboca hərbçilərinin istifadə etdiyi kazinoya aviazərbələr endirib.

Bu barədə "Bangkok Post" nəşri məlumat verib.

Tailand Hərbi Hava Qüvvələri missiyanın uğurlu keçdiyini və obyektin məhv edildiyini bildirib. Qısa müddət sonra ərazidə toqquşmalar və minaatan atəşləri yenidən başlayıb.

Sərhədin digər tərəfində sahilyanı Trat əyaləti yerləşir ki, Tailand hərbçilərinin məlumatına görə, dəniz piyadaları daha əvvəl Kamboca hərbçilərini oradan sıxışdıraraq çıxarıb və onların bir neçə əks-hücumunu dəf edib.

Qeyd edək ki, dekabrın 18-də də Tailand təyyarələri Poypet şəhərindəki kazinoya zərbə endiriblər və Tailand tərəfi kambocalıların orada raket saxladıqlarını iddia edib. Son bir həftə ərzində ən azı dörd kazinoya zərbələr endirildiyi bildirilib.

Nəşr qeyd edir ki, Kamboca kazinolardan komanda mərkəzləri, PUA (Pilotsuz Uçuş Aparatları) buraxılış meydançaları, PUA ilə mübariz postları, atəş mövqeləri, o cümlədən "BM-21" yaylım atəşli reaktiv sistemlər üçün atəş mövqeləri kimi istifadə edir. Tailand hərbçiləri isə öz növbəsində, əvvəlcə tikililərdə dəliklər yaratmaq üçün artilleriya atəşi açır, sonra isə "F-16"lar tikililəri məhv etmək üçün bombalar atır.

Həmçinin dekabrın 20-də Tailand hərbçiləri bildiriblər ki, daha əvvəl Kamboca əsgərləri ilə toqquşmaların baş verdiyi Surin sərhəd əyalətindəki strateji əhəmiyyətli yüksəkliyi - 350-ci təpəyə nəzarət edirlər. Hərbçilər ərazidə minaların olub-olmadığnı yoxlamağa davam edirlər.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər