"Ukrayna Rusiyanın "kölgə donanması"na zərbə endirib..."
Rusiya ordusu Ukraynanın energetika sisteminə qarşı hücumlarını davam etdirir.
Moderator.az xəbər verir ki, bu barədə yayıb.
Odessada on minlərlə abonent işıqsız qalıb
Energetika nazirinin müavini Aleksandr Vyazovçenkonun açıqlamasına görə, Donetsk, Zaporojye, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərində elektrik stansiyaları, ötürmə və paylama şəbəkələri ciddi zərər görüb. Xüsusilə Odessa vilayətində gecə zərbələrindən sonra səhər saatlarına olan məlumata əsasən 73 mindən çox istehlakçı elektriksiz qalıb.
Şəhərdə işıq, su və istilik problemi
Odessaya endirilən kütləvi dron hücumları nəticəsində şəhərin böyük hissəsində işıq, su və istilik təchizatı dayandırılıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, zərbələr energetika obyektləri ilə yanaşı yaşayış binalarına və inzibati tikililərə də ziyan vurub. 58 yaşlı bir qadın yaralanaraq xəstəxanaya yerləşdirilib. Uzun sürən hava həyəcanları səbəbindən məktəblərə distant və qarışıq tədris formatına keçmək tövsiyə olunub.
Bərpa işləri və məhdudiyyətlər
"Ukrenerqo" və regional enerji şirkətləri yüksək gərginlikli yarımstansiyalarda və paylayıcı şəbəkələrdə bərpa işlərini fasiləsiz davam etdirir. Bununla yanaşı, ciddi zədələr və ötürmə imkanlarının məhdudluğu səbəbindən elektrik enerjisinin verilməsində qrafiklə məhdudiyyətlər tətbiq olunur. Rəsmilər bildirir ki, əsas məqsəd enerjini mümkün qədər tez bərpa etmək və şəhərin kritik infrastrukturunun fəaliyyətini təmin etməkdir.
Ukrayna Rusiyanın "kölgə donanması"na zərbə endirib
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ilk dəfə olaraq Aralıq dənizində Rusiyaya məxsus "kölgə donanması" tankerini vurduğunu açıqlayıb. Mənbələrin məlumatına görə, əməliyyat Ukrayna sahillərindən təxminən 2 min kilometr uzaqlıqda, neytral sularda həyata keçirilib. UTX-nin "Alfa" xüsusi təyinatlı bölməsi pilotsuz uçuş aparatları vasitəsilə QENDIL adlı Rusiya tankerinə zərbə endirib.
Bildirilir ki, tanker hücum anında boş olub və ekoloji risk yaranmayıb. Gəmi sanksiyalardan yayınmaq və müharibənin maliyyələşdirilməsi üçün istifadə edildiyindən "qanuni hərbi hədəf: kimi qiymətləndirilib. Nəticədə tanker kritik zədələr alıb və artıq istismar üçün yararsız vəziyyətə düşüb.
UTX-dəki mənbələr vurğulayır ki, bu əməliyyat Ukraynanın Rusiyaya qarşı zərbələri yalnız cəbhə xətti ilə məhdudlaşdırmadığını və Moskvanın maraqlarını dünyanın istənilən nöqtəsində hədəfə ala biləcəyini göstərir.