Rusiya paytaxtının Tverskoy Məhkəməsi Moskva vilayətinin Odintsovo şəhərində məktəbə hücumda və 10 yaşlı uşağın qətlində ittiham olunan yeniyetmənin həbsinə qərar verib.
Moderator.az "RIA Novosti"yə istinadən xəbər verir ki, daha əvvəl Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsi qətl və qətl cəhdinə görə cinayət işi qaldırıb.
Uşağın qətlinə görə cəza ömürlük azadlıqdan məhrumetməyədək nəzərdə tutulur.
Qorki-2 qəsəbəsində yerləşən Uspensk ümumtəhsil məktəbinə hücum dekabrın 16-da səhər saatlarında baş verib. 15 yaşlı 9-cu sinif şagirdi bıçaqla 4-cü sinifdə oxuyan məktəblini ölümcül yaralayıb, məktəbin mühafizəçisi də xəsarət alıb. Yeniyetmə törətdiyi hərəkətləri videoya çəkib.
Həlak olmuş uşaq Tacikistan vətəndaşları olan ailədən idi, hücum edən yeniyetmə isə nasist baxışlarına sahib olub.