Dünya
305
18 Dec 2025 | 22:50

"Rusiya Trampa "kürü hədiyyəsi" ilə bağlı qalmaqal yaradır: ABŞ qanunları bunu rüşvət saya bilər" - Rusiya mətbuatı

"Kürü jesti" necə rüşvət qalmaqalına çevrilə bilər..."

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun dekabrın əvvəlində Moskvaya səfərindən sonra Rusiya tərəfinin Donald Trampa "bütöv bir qutu qırmızı kürü" göndərdiyi məlum olub.

Moderator.az xəbər verir ki, bu barədə "mk.ru" nəşri yazıb.

Məlumatda deyilir ki, Xabarovsk vilayətinin Sənaye və Ticarət Nazirliyi açıq şəkildə məlumat verərək, hadisəni faktiki olaraq özləri təsdiqləyib. Rusiya rəsmilərinin sözlərinə görə, Uitkoff Moskvadakı restoranların birində Rusiya mətbəxindən ibarət qeyri-rəsmi nahar zamanı Uzaq Şərq mənşəli qırmızı kürünün dadına baxıb. Məhsul ABŞ prezidentinin nümayəndəsində o qədər güclü təəssürat yaradıb ki, ona "bütöv bir qutu" kürü hədiyyə edilib. Daha sonra Uitkoff həmin kürünü ABŞ-a apararaq Donald Trampa təqdim edib.

Hədiyyə, yoxsa qanun pozuntusu?

Rusiya tərəfi hədiyyənin dəqiq həcmini açıqlamayıb. Lakin ABŞ qanunvericiliyinə əsasən, əgər hədiyyənin dəyəri müəyyən edilmiş həddi aşırsa, bu artıq ciddi hüquqi problem yaradır. ABŞ Konstitusiyası xarici dövlətlərin federal vəzifəli şəxslərə, o cümlədən prezidentə Konqresin razılığı olmadan istənilən hədiyyə verməsini qadağan edir.

1966-cı ildə qəbul olunmuş "Foreign Gifts and Decorations Act" qanunu yalnız "minimal dəyərli" hədiyyələrə istisna tanıyır. 2023-2025-ci illər üçün bu məbləğ 480 ABŞ dolları olaraq müəyyən edilib. Hazırkı bazar qiymətlərinə görə, Rusiyada 5 kiloqram qırmızı kürünün dəyəri təxminən 480 dollar təşkil edir. ABŞ-da isə bu məhsul iki dəfə baha satılır.

Əgər hədiyyə edilən kürünün çəkisi bu həddi aşırsa, Donald Tramp ya Konqresdən xüsusi icazə almalı, ya da hədiyyəni bazar dəyəri ilə satın almalıdır. Əks halda, bu cür hədiyyənin qəbulu ABŞ qanunlarına görə rüşvət kimi qiymətləndirilə bilər.

Kreml və Ağ Ev arasında "simvolik jestlər"

Bu, Rusiya tərəfinin Trampa ünvanladığı ilk qeyri-adi hədiyyə deyil. Daha əvvəl Kreml Uitkoff vasitəsilə ABŞ prezidentinə onun öz portretini göndərib. Avqust ayında isə Tramp jurnalistlərə iş masasının üzərində Vladimir Putinlə birgə fotosunu saxladığını bildirib.

Kremlin rəsmi nümayəndələri Vladimir Putinlə Stiv Uitkoff arasında "xüsusi qarşılıqlı anlaşma" olduğunu da gizlətmir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər son görüşlər zamanı "bir-birini sözsüz də anlayacaq səviyyəyə" çatıb.

Məhz bu fon üzərində "kürü qutusu" ətrafında yaranan qalmaqal artıq təkcə diplomatik etikadan deyil, ABŞ qanunvericiliyinin birbaşa pozulması ehtimalından da xəbər verir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər