Dünya
293
18 Dec 2025 | 21:55

"7 oktyabr faciəsinin araşdırılması: hökumət istintaqa nəzarəti öz əlində cəmləşdirir" - İsrail mətbuatı

"Koalisiya və müxalifət formal paritetdə olsa da, səlahiyyətlər hökumətdə qalır..."

İsrail hökuməti 7 oktyabr hücumları və həmin gün baş verən təhlükəsizlik fiaskosunun araşdırılması ilə bağlı yeni mexanizm formalaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

Məlumatda deyilir ki, paralel şəkildə həm istintaq komissiyasının yaradılması haqqında qanun layihəsi irəli sürülür, həm də bu komissiyanın səlahiyyətlərini müəyyən edəcək xüsusi nazirlər qrupu formalaşdırılır. Qrupun rəhbərliyini şəxsən baş nazir Benyamin Netanyahu öz üzərinə götürəcək. Halbuki ilkin mərhələdə bu funksiyanın ədliyyə naziri Yariv Levinə tapşırılması nəzərdə tutulub.

Gələn həftənin əvvəlində Nazirlərarası Qanunvericilik Komissiyasının 7 oktyabr terroru və dövlətin hazırlıqsızlığı ilə bağlı araşdırma aparacaq hökumət komissiyasının yaradılmasını sürətləndirilmiş qaydada təsdiqləməsi gözlənilir.

Müstəqil dövlət komissiyasından yayınma cəhdi

Söhbət "Likud" partiyasından olan Knesset deputatı Ariel Kelnerin təşəbbüsündən gedir. Layihə "qısaldılmış prosedur"la irəli aparılacaq və artıq çərşənbə günü, dekabrın 24-də ilkin oxunuş üçün plenar iclasa çıxarılacaq.

Bu təşəbbüsün əsas məqsədi müstəqil dövlət istintaq komissiyasının yaradılmasının qarşısını almaqdır. Layihə koalisiya və müxalifət arasında formal paritet nəzərdə tutsa da, praktiki mexanizmlər hökumətə üstünlük verir.

Mandatı hökumət özü müəyyən edəcək

Qanunvericilik prosesinə paralel olaraq ilk dəfə olaraq xüsusi nazirlər qrupu toplanacaq. Bu qrup gələcək istintaq komissiyasının mandatını, yəni hansı məsələləri araşdıracağını, hansı mövzuların çərçivədən kənarda qalacağını müəyyən edəcək. Qrupa birbaşa Netanyahu rəhbərlik edəcək.

Qrupun tərkibinə Yariv Levin, Betsalel Smotriç, İtamar Ben-Qvir, Zeev Elkin, Avi Dihter, Gila Qamliel, Orit Struk, Amihay Eliyahu, Amihay Şikli, İdit Silman və Şlomo Karai daxil edilib. Bu siyahı göstərir ki, əsasən sərt sağçı koalisiya nümayəndələri prosesi yönləndirəcək.

Bir ay əvvəl hökumət rəsmi olaraq bəyan etmişdi ki, 7 oktyabr hadisələri ilə bağlı məhz hökumət komissiyası yaradılacaq və onun tərkibi "mümkün qədər geniş ictimai konsensusu əks etdirməlidir". Netanyahu isə 45 gün ərzində komissiyanın mandatının müəyyən ediləcəyinə söz vermişdi. Faktiki olaraq bu, hökumətin öz fəaliyyətini özünün araşdırması deməkdir.

İstintaqa nəzarət mexanizmləri

Qanun layihəsinə əsasən, hökumət araşdırılacaq mövzuların siyahısının formalaşdırılmasında həlledici rol oynayacaq və istədiyi halda bu siyahını həm genişləndirə, həm də daralda biləcək.

Komissiya altı üzvdən ibarət olacaq və onların arasından sədr seçiləcək. Üzvlər koalisiya və müxalifətin razılığı ilə təyin edilməli və deputatların səs çoxluğu ilə təsdiqlənməlidir. Əgər 14 gün ərzində razılaşma əldə olunmazsa, koalisiya üç, müxalifət üç üzv təyin edəcək. Müxalifət imtina edərsə, onun kvotasını Knessetin spikeri Amir Ohana dolduracaq.

Sədr seçilə bilməzsə, komissiyaya biri koalisiyadan, digəri müxalifətdən olmaqla iki həmsədr rəhbərlik edəcək. Bundan əlavə, həlak olanların ailələrindən dörd nümayəndə müşahidəçi qismində komissiyanın fəaliyyətinə cəlb ediləcək. Qanun layihəsində ayrıca vurğulanır ki, istintaqın predmeti yalnız hökumət və təhlükəsizlik strukturları ilə məhdudlaşmayacaq, məhkəmə sistemi də araşdırmaya cəlb olunacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər