"Rəsmi qələbə bəyanatlarının kölgəsində siyasi iflic, iqtisadi çöküş və nüvə riskləri..."
İran "12 günlük müharibə"dən sonra həm daxildə, həm də beynəlxalq müstəvidə təhlükəli bir mərhələyə daxil olub.
Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri yazıb.
"Tam qələbə" ritorikası və sarsılan hakimiyyət
Nəşrin yazdığına görə, rəsmi Tehran qələbə ritorikasını davam etdirsə də, ölkə reallıqda siyasi iflic, iqtisadi böhran və gələcəklə bağlı dərin qorxu yaşayır.
Ali dini lider Əli Xamenei ABŞ və İsrail üzərində "tam qələbə" iddia etsə də, bu bəyanatlar ölkə daxilində getdikcə daha çox reallıqdan uzaq qiymətləndirilir. Keçmiş prezident Həsən Ruhani İranın "nə müharibə, nə də sülh" vəziyyətində ilişib qaldığını deyərək diplomatiyaya çağırıb.
Müharibə Xameneinin şəxsi nüfuzuna da zərbə vurub. İyun zərbələri zamanı onun bunkerə çəkilməsi ölkə daxilində alçaldıcı məqam kimi qəbul edilib. Paralel olaraq, Suriyada Əsəd rejiminin süqutu, HƏMAS və "Hizbullah"ın zəifləməsi Tehranın regional mövqelərini xeyli sarsıdıb.
İqtisadi çöküş və ölkədən qaçış dalğası
İran iqtisadiyyatı sürətlə geriləyir. BMT sanksiyalarının bərpasından sonra dolların məzənnəsi təxminən 1,25 milyon riala çatıb. Əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu işsizdir. Prezident Məsud Pezeşkian ölkəni "su iflası" təhlükəsi barədə xəbərdar edərək, zərurət yaranarsa paytaxtın belə boşaldıla biləcəyini bildirib.
Beynəlxalq arenada Tehran özünü tənha hiss edir: Çin silah tədarükü iddialarını təkzib edir, Rusiya isə passivlikdə ittiham olunur. Daxildə isə ümidsizlik dərinləşir. Iran Internationalın məlumatına görə, iranlılar miqrasiyanı artıq "xəyal" deyil, "xilas yolu" kimi görür, bunu "rejimin həbsxanasından qaçış" adlandırırlar.
Nüvə dalanı və artan regional risk
Daxili böhran fonunda nüvə proqramı ətrafında da təhlükəli müzakirələr gedir. Analitiklərin fikrincə, ali dini liderin etirazlarına baxmayaraq, İnqilab Keşikçiləri Korpusunun bəzi generalları nüvə silahı ideyasından geri çəkilmir. Konstitusiyanı Şərh Şurasının üzvlərindən birinin dini qadağanın artıq keçərli olmadığını deməsi vəziyyəti daha da gərginləşdirib.
Ekspertlər xəbərdarlıq edir ki, bu mübahisələr İranı dərin siyasi böhrana sürükləməklə yanaşı, regionda yeni silahlanma yarışına yol aça bilər. "Qələbə" ritorikasının arxasında isə getdikcə daha aydın şəkildə dövlət böhranı görünür.