"Minillik inancların izləri Milad nağıllarında necə yaşayır..."
Uşaqlara Milad hədiyyələri gətirən obraz Santa-Klausdan xeyli qədimdir. Onun kökləri Avropanın qədim bütpərəst inanclarına, qış ortası kultuna və müqəddəs Nikolayla bağlı xristian əfsanələrinə dayanır.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.
Nəşr yazır ki, dünyanın müxtəlif ölkələrində Milad hədiyyələrini eyni nağıl qəhrəmanı gətirmir. Haradasa bu, mehriban bir qoca, haradasa körpə, mələk, cadugər və ya eyni vaxtda bir neçə obrazdır. Bütün bu fiqurları bir anlayış - Milad hədiyyələrinin gətirəni birləşdirir. Bu anlayış minillik inancların, xristian ənənələrinin və xalq folklorunun kəsişməsində formalaşıb.
Qış gün dönümü, ruhlar və tanrılar
Tarixçilərin fikrincə, qışda hədiyyə vermə ənənəsi hələ xristianlıqdan əvvəlki dövrlərdə yaranıb. Şimali və Mərkəzi Avropada qış gün dönümü - ilin ən qısa günü və ən uzun gecəsi xüsusi əhəmiyyət daşıyıb. İnsanlar inanırdılar ki, məhz bu vaxt canlılar aləmi ilə ruhlar dünyası bir-birinə ən çox yaxınlaşır.
Skandinaviya mifologiyasında hədiyyə gətirən obraz çox vaxt ali tanrı Odinlə əlaqələndirilir. Yöl bayramı zamanı onun səmanı dolaşaraq insanları müşahidə etdiyinə inanılıb. Uşaqlar Odinin atı üçün yemək qoyar, səhər isə bunun əvəzində hədiyyə tapa bilərdilər. Gecə nəsə qoymaq, səhər isə hədiyyə almaq motivi bu gün də bir çox Avropa ənənələrində yaşayır.
Xristian təsiri və Müqəddəs Nikolay fiquru
Xristianlığın yayılması ilə qədim inanclar yox olmayıb, sadəcə yeni məna qazanıb. Mərkəzi fiqur IV əsrdə yaşamış, səxavəti və yoxsullara köməyi ilə tanınan Müqəddəs Nikolay olub. Uşaqlara gizli şəkildə hədiyyə vermə ənənəsi məhz onun adı ilə bağlanır. Orta əsr Avropasında Müqəddəs Nikolay uşaqların, səyyahların və cəmiyyətin kənarında qalan insanların himayədarı sayılıb. Onun anım günü -6 dekabr zamanla uşaqlar üçün xüsusi bayrama çevrilib.
Niyə hədiyyə gətirənlər fərqlidir?
Zaman keçdikcə hər bölgədə Milad hədiyyələrini gətirən özünəməxsus obraz formalaşıb. Almaniya və Avstriyada hədiyyələri bəzən körpə İsa və ya mələyə bənzər bir varlıq gətirir, Fransada Milad gecəsi Per Noel gəlir, İtaliyada xristian fiqurlarla yanaşı, Epifaniya günü hədiyyələr gətirən süpürgəli yaşlı qadın -Befana obrazı yaşayır, Şimali Avropada isə qış və ev ruhları ilə bağlı folklor personajları qorunub saxlanılıb. Bu obrazlar həmişə yalnız mehriban olmayıb: bəzən onlar itaətkar uşaqları mükafatlandırır, dəcəl olanları isə cəzalandırırdı.
Müasir obraz və kütləvi mədəniyyətin təsiri
XIX əsrdə ABŞ-da Müqəddəs Nikolayın, Avropa folklor personajlarının və yeni şəhər mədəniyyətinin xüsusiyyətlərini birləşdirən Santa-Klaus obrazı formalaşıb. Məhz bu fiqur sonradan dünyada ən tanınan Milad simasına çevrilib və bir çox yerli ənənələri kölgədə qoyub. Bununla belə, bu gün də bir çox ölkələrdə Milad hədiyyələrini gətirən yerli obrazlar mədəni kimliyin ayrılmaz hissəsi kimi qorunur.
Hədiyyə vermənin rəmzi mənası
Tədqiqatçılar vurğulayır ki, hədiyyə gətirən obraz sadəcə uşaqlar üçün nağıl deyil. O, səxavət, qayğı, sosial ədalət və ümid ideyalarını, xüsusilə ilin bitdiyi və yeni dövrün gözləndiyi bir vaxtda simvolizə edir. Məhz buna görə Müqəddəs Nikolaydan tutmuş folklor varlıqlarına qədər bütün Milad personajları mədəniyyətdə canlı qalır və hər dövrdə yenidən mənalandırılır.