Dünya
1454
19:50, Bu gün

"Putin geri çəkilmir, ABŞ isə sanksiya kartını masaya qoyur: Ukrayna müharibəsində təzyiq artır" - "Bloomberg"

"Moskva hərbi eskalasiyanı, Vaşinqton isə iqtisadi təzyiqi gücləndirir..."

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğal siyasətindən geri çəkilmək niyyətində olmadığını açıq şəkildə bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

"Ta diplomatiya, ya da müharibə yolu ilə"

Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edən Vladimir Putin bildirib ki, Moskva Ukrayna ərazilərinin ələ keçirilməsi ilə bağlı məqsədlərindən imtina etməyəcək. Onun sözlərinə görə, Rusiya "münaqişənin əsas səbəblərini" diplomatik yollarla aradan qaldırmağa üstünlük verir, lakin Qərb və Ukrayna dialoqdan imtina edərsə, məqsədlərə hərbi yolla nail olunacaq.

Putin həmçinin Rusiyanın əsas cəbhə istiqamətlərində hücum tempini artırmaq imkanlarına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, son aylarda ələ keçirilmiş mövqelər, yaradılmış plasdarmlar və döyüşlər zamanı əldə olunan taktiki-operativ təcrübə dərin müdafiə xəttinin yarılmasına və strateji istiqamətlərdə irəliləyişin sürətləndirilməsinə şərait yaradır. Bundan başqa, Putin "Oreşnik" raket kompleksinin ilin sonuna qədər döyüş növbətçiliyinə veriləcəyini də açıqlayıb.

Enerji sektoruna yeni sanksiyalar

"Bloomberg" nəşrinin yazdığına görə, ABŞ administrasiyası Rusiya ilə mümkün sülh razılaşmasının rədd ediləcəyi halda yeni sanksiyalar paketini işə salmağa hazırlaşır. Məlumata əsasən, tədbirlər əsasən Rusiyanın enerji sektoruna, xüsusilə də "kölgə donanması" vasitəsilə neft daşıyan tankerlərə və bu əməliyyatları asanlaşdıran treyderlərə yönələcək.

Mənbələrin bildirdiyinə görə, bu sanksiyalar artıq bu həftə açıqlana bilər. ABŞ-ın maliyyə naziri Skott Bessent planları Avropa ölkələrinin səfirləri ilə müzakirə edib. Bununla belə, yekun qərarın ABŞ prezidenti Donald Trampa məxsus olduğu vurğulanır.

Nəşr qeyd edir ki, indiyədək tətbiq olunan sanksiyalar Putinin strateji hesablamalarını dəyişməsə də, Rusiya neft nəhənglərinə və ticarətə yönəlmiş məhdudiyyətlər neft qiymətlərini minimum səviyyələrə endirib və bu, Rusiya iqtisadiyyatı üçün ciddi çətinliklər yaradıb.

Berlin danışıqları və dondurulmuş aktivlər dilemması

Sanksiyalarla bağlı müzakirələr Berlin formatında aparılan sülh danışıqları fonunda gedir. ABŞ, Ukrayna və Avropa rəsmiləri ümumi irəliləyişi müsbət qiymətləndirsələr də, Donbasın gələcək statusu, Rusiyanın dondurulmuş aktivlərinin taleyi və Zaporojye AES-in idarə olunması kimi məsələlər hələ də ciddi mübahisə predmetidir.

Mənbələr bildirir ki, Vaşinqton Rusiyanın dondurulmuş aktivlərini gələcək istənilən sülh razılaşmasının əsas elementlərindən biri kimi görür. Eyni zamanda bu həftə Avropa İttifaqı liderləri həmin vəsaitlərin Ukraynaya hərbi və iqtisadi yardım üçün istifadə edilib-edilməməsi ilə bağlı yekun qərar verməlidir.

Bununla paralel, məlum olub ki, Ağ Ev Avropaya ciddi təzyiq göstərərək Ukraynaya "reparasiya krediti" ayrılmasına qarşı çıxır. ABŞ administrasiyası bu vəsaitlər üzərində nəzarəti öz əlində saxlamaq və onların hansı istiqamətlərə xərclənəcəyini təkbaşına müəyyənləşdirmək niyyətindədir.

Link kopyalandı!
Son xəbərlər