İsrailin Baş naziri Binyamin Netanyahu Avstraliya hakimiyyətini terrorizm və antisemitizmlə mübarizədə kifayət qədər tədbirlər görməməkdə ittiham edib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi rəsmi məlumat yayıb.
Xəbərə görə, İsrail lideri Sidneydə baş verən terror aktında zərərçəkən Avstraliya yəhudiləri ilə söhbətində belə fikirlər səsləndirib.
"Baş nazir bildirib ki, bu cinayətkar əməllər Avstraliya hökumətinin iradəsiz siyasəti fonunda geniş yayılmış antisemitizmin nəticəsidir. Onlar dərhal terrorizmi aradan qaldırmaq və yəhudi icmaları üçün təhlükəsizliyi bərpa etmək üçün bütün mövcud vasitələrdən istifadə etməlidirlər", - deyə rəsmi məlumatda bildirilir.
Netanyahu İsrail dövlətinin Avstraliyadakı yəhudi icmasını dəstəklədiyini vurğulayıb. O, terror qurbanlarının ailələrinə başsağlığı verib və yaralılara tezliklə sağalmalarını arzulayıb.
Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə terror aktı baş verib. Hadisə zamanı 16 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.