Putinin “SSRİ” dosyesi üzə çıxdı: Postsovet ölkələri üçün açıq mesaj
Dünya
429
15:33, Bu gün

Putinin “SSRİ” dosyesi üzə çıxdı: Postsovet ölkələri üçün açıq mesaj

Rusiya prezidenti Vladimir Putin 2030-cu ilə qədər işğal olunmuş Ukrayna ərazilərində yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə, sovet dövrünə aid adların bərpasına imkan verən qanunu imzalayıb. 
 
Bu addımı Rusiyanın SSRİ-nin bərpası və ya imperiya ambisiyalarının açıq göstəricisi saymaq olarmı? Rusiyanın bu addımı postsovet ölkələri üçün hansı təhlükədən  xəbər verir?
Moderator.az-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə çıxışlarında Sovetlər İttifaqının dağılmasını tarixi səhv kimi qiymətləndirib və bu yanaşma Rusiyanın Gürcüstan, Moldova və Ukraynaya münasibətdə atdığı addımlarda da açıq şəkildə özünü göstərir:
 
“Bu ölkələrin ərazi bütövlüyünün pozulması onu göstərir ki, Rusiya rəhbərliyi mümkün olduğu halda Sovetlər İttifaqının bərpası istiqamətində addımlar atır və atacaqlar. Sadəcə, bunu açıq şəkildə “Sovetlər İttifaqını bərpa etmək istəyirik” formasında ifadə etmək mümkün deyil. Çünki bu, daha genişmiqyaslı beynəlxalq reaksiyalara səbəb olar. Müasir dövrdə heç bir dövlət və ya siyasi lider atdığı addımların əsl niyyətini birbaşa açıqlamır, lakin əməllər bu niyyəti aydın şəkildə ortaya qoyur. Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə toponimlərin dəyişdirilməsi və sovet dövrünə aid adların bərpası da məhz bunun göstəricisidir. Bu addımı “tarixə qayıdış” kimi təqdim etmək mümkün deyil. Çünki həmin ərazilərin sovet dövründən əvvəl də öz tarixi adları olub. Əgər məqsəd doğrudan da tarixi bərpa etməkdirsə, o zaman sovet dövrünə yox, daha qədim adlara qayıtmaq lazım idi”.
 
Xəyal Bəşirovun fikrincə, sovet adlarının yenidən tətbiqi Rusiyanın keçmiş imperiya məkanını dirçəltmək niyyətindən xəbər verir:
 
“Bu, tarixə dönüş deyil, Sovetlər İttifaqına dönüş cəhdidir. Ukraynaya qarşı təxminən dörd ilə yaxındır davam edən və “xüsusi əməliyyat” adlandırılan proses fonunda bu addımlar Rusiyanın öz fəaliyyətinə verdiyi siyasi qiymətin göstəricisidir. Bu proseslər postsovet ölkələrinin narahatlığını artırmaq üçün kifayət qədər əsas yaradır. Postsovet ölkələri haqlı olaraq bu addımlardan narahatdırlar. Rusiya faktiki olaraq Ukraynanın NATO-ya üzvlüyü məsələsini əsas gətirərək onu geosiyasi qarşıdurmanın mərkəzinə çəkdi və nəticədə Ukrayna Rusiyanın təzyiq və müdaxilələrinin hədəfinə çevrildi.”
 
Politoloq vurğulayıb ki, Ukrayna üzərindən Rusiyanı zəiflətmək siyasəti faktiki olaraq uğursuzluğa düçar olub:
 
“Bu gün artıq açıq şəkildə deyilir ki, Ukraynanın NATO-ya qəbul edilməsi gündəmdə deyil. Bu məsələ aktuallığını itirib və bu da Avropanın, o cümlədən ABŞ-da Co Bayden administrasiyasının yürütdüyü yanlış siyasətin məntiqi nəticəsidir. Vaxtilə postsovet məkanında Rusiyadan sonra ən güclü dövlətlərdən biri hesab olunan Ukrayna hazırda ağır vəziyyətə salınıb. Bu gün Ukrayna faktiki olaraq darmadağın edilib. Mən düşünmürəm ki, Avropanın mərkəzində yerləşən Ukraynaya münasibətdə bu addımları atan Rusiya sonrakı mərhələdə digər regionlarda yerləşən postsovet ölkələri ilə bağlı daha zəif mövqe sərgiləyəcək. Yaranmış vəziyyət postsovet ölkələri üçün ciddi xəbərdarlıq xarakteri daşıyır. Rusiyanın davranışı onu göstərir ki, Ukraynadan sonra da oxşar risklər mövcuddur. Buna görə postsovet ölkələri bu məsələdə özləri daha düzgün və uzaqgörən siyasət yürütməlidirlər. Dünya dövlətləri bir araya gələrək bu cür yanlış proseslərin qarşısını almalıdır. Çünki bu addımlar dünyanı daha təhlükəli istiqamətə aparır. Rusiyanın hazırda işğal etdiyi Ukrayna ərazilərində yaşayış məntəqələrinin adlarını dəyişməsi gələcək üçün ciddi təhlükə siqnalıdır. Bu gün həmin ərazilərin adlarını dəyişən Rusiya ilə bağlı heç bir zəmanət yoxdur ki, növbəti mərhələdə Ukraynanın digər ərazilərini də işğal edib eyni addımları atmayacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər