Sudanın Kordofan bölgəsində dekabrın 4-dən etibarən bir neçə PUA hücumu nəticəsində azı 104 dinc sakin, o cümlədən 43 uşaq həyatını itirib.
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi açıqlama yayıb.
Hücumlardan biri Cənubi Kordofanın Kalogi şəhərindəki uşaq bağçası və xəstəxanaya yönəlib. Nəticədə azı 89 nəfər, o cümlədən 8 qadın və 43 uşaq həlak olub.
BMT missiyasının rəhbəri Sudanın Silahlı Qüvvələri, Çevik Reaksiya Qüvvələri və Sudanın Xalq Azadlıq Hərəkatı arasında döyüşlərin daha da gərginləşməsindən narahatlığını ifadə edib. O, münaqişənin bütün tərəflərini və təsir imkanına malik dövlətləri dərhal atəşkəsə nail olmağa, yeni cinayətlərin qarşısını almağa çağırıb.
Bundan əlavə, dekabrın 13-də Cənubi Kordofanın Kaduqli şəhərindəki bazaya PUA hücumu nəticəsində 6 BMT sülhməramlısı öldürülüb.
Dekabrın 14-də isə Cənubi Kordofanın Dillinq şəhərindəki xəstəxana dron hücumuna məruz qalıb. Nəticədə azı 6 nəfər həlak olub, 12 nəfər yaralanıb, onların arasında tibb işçiləri də var.