"Tramp və Zelenski danışıqlarda irəliləyişdən danışır, lakin təhlükəsizlik zəmanətləri və ərazi məsələsi açıq qalır..."
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi ilə bağlı açıqlamalarında sülhə əvvəlki dövrlərlə müqayisədə daha yaxın olduqlarını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
Tramp son günlər Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə intensiv və "olduqca müsbət" danışıqlar apardığını deyib. O, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, Finlandiya, NATO rəhbərliyi və Avropa Komissiyası ilə təmasları xüsusi vurğulayaraq bildirib ki, həm ABŞ, həm də Avropa müharibənin başa çatmasını istəyir. ABŞ prezidenti eyni zamanda münaqişənin ümumiyyətlə başlamamalı olduğunu təkrar edib.
Trampın sözlərinə görə, Vaşinqton Ukraynaya birbaşa maliyyə xərcləmir, silahları NATO ölkələrinə satır və əsas məqsəd "mümkün qədər çox insanın həyatını xilas etməkdir".
"ABŞ, Avropa və Ukrayna arasında birlik nümayiş olundu"
Ukrayna prezidenti Vladimir Zelenski Tramp və Avropa liderləri ilə keçirilən ümumi telefon danışığını "vahid mövqenin nümayişi" kimi qiymətləndirib. Onun sözlərinə görə, danışıqlarda Almaniya kansleri, Böyük Britaniya, İtaliya və Polşanın baş nazirləri, Fransa və Finlandiya prezidentləri, NATO baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak edib.
Zelenski bildirib ki, Ukrayna tərəfi artıq hazırlanmış addımları və sülhə gedən yol xəritəsini təqdim edib. Yaxın günlərdə sənədlərin tamamlanacağı, bundan sonra ABŞ-ın Rusiya ilə məsləhətləşmələr aparacağı və növbəti görüşlərin keçiriləcəyi gözlənilir.
Təhlükəsizlik zəmanətləri və ərazi məsələsi
"Bloomberg" yazır ki, danışıqlarda əsas fikir ayrılığı təhlükəsizlik zəmanətləri və ərazi məsələsi ətrafında qalır. Zelenski NATO-ya dərhal üzvlükdən imtina variantını istisna etməsə də, bunun əvəzində NATO-nun 5-ci maddəsinə bənzər "sərt və real" təhlükəsizlik mexanizmləri tələb edir.
Avropa ölkələri Ukraynaya təhlükəsizlik təminatları və müharibədən sonrakı bərpa investisiyaları təklif etsələr də, Rusiya tərəfindən işğal olunmuş ərazilərin taleyi hələ də açıq qalır. ABŞ planında Ukraynanın Donbasın təxminən 14 faizindən geri çəkilməsi ehtimalı müzakirə olunsa da, Kiyev bunu qəti şəkildə rədd edir.
"The Telegraph" qeyd edir ki, Tramp administrasiyasında nikbinlik olsa da, müharibənin yaxın zamanda bitəcəyini demək hələ tezdir və yekun qərar böyük ölçüdə Kremlin mövqeyindən asılıdır.