"Macarıstan Ukraynanı maliyyələşdirmək üçün bir avro da yardım etməyəcək və Qərbin dondurulmuş Rusiya aktivlərinin bu məqsədlər üçün istifadəsinə etiraz edir".
Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "YouTube" platformasında yayımlanan verilişdə çıxışı zamanı bildirib.
"Dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya böyük vəsait toplamaq istəyirlər. Sülh danışıqları bizi münaqişənin diplomatik yolla həllinə yaxınlaşdırsa da, Avropa İttifaqı Rusiya aktivlərinə tamamilə qanunsuz müdaxilə edir. Bu da davam edən və gücləndirilmiş hərbi əməliyyatlar riskini yaradır.
Açıq şəkildə bildirdim ki, biz Macarıstan xalqının pulunun bir avrosunu belə nə Ukrayna dövlətinin fəaliyyətinə, nə ordunun silahlanmasına, nə də müharibəyə xərcləməyə hazır deyilik", - deyə nazir vurğulayıb.