Gedənlər yoxa çıxırdı - “Şeytan üçbucağı”nda qeyri-adi struktur kəşf edildi
Dünya
941
12:22, Bu gün

Gedənlər yoxa çıxırdı - “Şeytan üçbucağı”nda qeyri-adi struktur kəşf edildi

Elm adamları dünyanın ən böyük sirlərindən biri hesab edilən Bermud üçbucağında (“Şeytan üçbucağı”) maraqlı bir kəşfə imza atıblar.

Moderator.az xəbər verir ki, bu barədə “Geophysical Research Letters”də dərc olunan araşdırmada bildirilib.

Bermudun okean qabığının altında indiyədək Yer kürəsində rast gəlinməmiş nəhəng bir geoloji struktur aşkarlanıb. Alimlər zəlzələlərin təhlili nəticəsində təxminən 20 kilometr qalınlığında bir qaya qatı tapıblar.

Tədqiqatçılar deyirlər ki, Bermudun altında yerləşən struktur indiyədək planetin heç bir nöqtəsində müşahidə olunmayıb. Kəşf adanın ən böyük geoloji tapmacasının həllinə kömək edə bilər.

Bermud okean dibindən daha yüksəkdə yerləşən və “şişmiş okean qabığı” kimi tanınan bir bölgədə yerləşir. Belə formalaşmalar adətən vulkanik fəaliyyətlə əlaqələndirilir. Amma burada Bermudun geologiyasını izah edəcək aktiv vulkanın izlərinə rast gəlinmir.

Adada 31 milyon ildən artıqdır vulkanik püskürmədiyi və bu müddət ərzində hansısa vulkanik şişkinliyin çoxdan çəkilməli olduğu bildirilir. Yeni kəşf isə belə bir ehtimalı gündəmə gətirir: adanın altındakı bu sirli struktur son püskürmə zamanı qabığın içinə axan, daha sonra donaraq adanı dəniz səviyyəsindən təxminən 500 metr yuxarı qaldıran nəhəng ərimiş qaya kütləsi ola bilər.

Alimlər bu nəticəyə adanın altından təxminən 50 kilometr dərinlikdən keçən uzaq zəlzələlərin seysmik dalğalarını araşdıraraq gəliblər. Dalğaların gözlənilməz şəkildə istiqamət dəyişdirdiyi nöqtədə qeyri-adi dərəcədə qalın və aşağı sıxlıqlı bu qaya qatının mövcudluğu müəyyən edilib.

Karneci İnstitutunun seysmoloqu doktor Uilyam Freyzer bildirib:

“Normal durumda okean qabığının altında mantiya qatı olur. Amma Bermudda tektonik plitənin içində yerləşən əlavə bir qat mövcuddur”.

Bu durum kəşf edilən strukturun qeyri-adiliyini göstərir.

Bermud üçbucağından keçən bəzi gəmilərin yoxa çıxdığı məlumdur. Alimlər üçün əsas sirr adanın geoloji quruluşu olsa da, ictimaiyyəti maraqlandıran burada gəmi və təyyarələrin itməsinə inandırıcı izahların verilməsidir.

Sauthempton Universitetinin okeanoloqu Simon Boksola görə, bölgədəki itkilərin səbəbi fövqəltəbii qüvvələr deyil, “nizamsız dalğalar” adlandırılan təbii hadisədir. Bu dalğalar ətrafındakı adi dalğalardan iki dəfə hündür ola, 30 metrə çata və qəfil ortaya çıxan nəhəng su divarları şəklində meydana gələ bilər.

Boksol iddia edir ki, belə ölümcül bir dalğaya tuş gələn böyük bir gəmi iki-üç dəqiqə ərzində batmaq təhlükəsi ilə üzləşə bilər.

 

(Teleqraf)

Link kopyalandı!
Son xəbərlər