Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də Ədalət və İnkişaf Partiyasının (AKP) "Türk dünyası vizyon sənədinin tanıtım proqramı" münasibətilə keçirilən tədbirdə çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Nitqinə iştirakçıları salamlamaqla başlayan R.T.Ərdoğan Lefkoşadan Daşkəndə, Bakıdan Aşqabada, Bişkekdən Astana və Budapeştədək bütün türk dünyasına sevgilərini göndərib.
Türkiyə prezidenti çıxışında azərbaycanlı şair Rüstəm Behrudinin şeirindən sitat gətirib:
"O hansı millətdir, qədəri sirdir? Yüz ada bölündü, yenə də birdir".
Türk xalqlarının zaman-zaman müxtəlif repressiyalarla üzləşdiyini vurğulayan partiya rəhbəri onu da xatırladıb ki, 1940-cı illərdəki birpartiyalı sistemin hakimiyyəti dövründə Türkiyənin özündə də Böyük Turan barədə danışmaq qadağan olunmuşdu.
"Məsələn, 1944-cü ildə sırf Türkiyə xaricindəki soydaşlarımızla maraqlandıqları üçün bir çox aydın, yazar, sənət adamı "turançı" deyə damğalanaraq, həbsə atılıb və işgəncə görüb. Yəni birpartiyalı dönəmdə Türkiyə xaricində də "türkəm" demək günah sayılır, illərlə həbsdə işgəncəyə məruz qalmaq mənasına gəlirdi. Baxın, təkcə bununla kifayətlənmədilər, Türkiyəyə sığınan Azərbaycan türklərinin Boraltan körpüsündə güllənəcəklərini bilərək, onları qatillərinə təslim etdilər, tarixə "Boraltan faciəsi" kimi düşən bir utanc ləkəsi bulaşdırdılar", - deyə R.T.Ərdoğan bildirib.
Boraltan faciəsi ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) ölkə tarixinə qara ləkə gətirdiyini vurğulayan Türkiyə lideri bu hadisənin hər iki xalqın qəlbində dərin yaralar açdığına diqqət çəkib. R.T.Ərdoğan CHP-nin bu gün də türk dünyasına xor baxdığını bildirib.
"Qarabağda 44 gün davam edən Vətən müharibəsində bunu bir daha gördük", - deyə Türkiyə prezidenti ölkə müxalifətinin onları Azərbaycana dəstək verməkdə ittiham etdiklərini yada salıb.
"Xatırlayın, CHP-nin xarici siyasətini idarə edən şəxs çıxdı, eynən bunları söylədi: "Təəssüf ki, gələn xəbərlərdə Türkiyədən Azərbaycana silah yardımı edildiyi və məlumatlara görə, cihadçı qrupların Azərbaycana göndərildiyi ifadə edilir", - dedi. Elə 1945-ci ildə Boraltan faciəsində olduğu kimi, Qarabağın azadlıq mücadiləsində də səhv etdilər, millətimizi məyus edib utandırdılar", - deyə R.T.Ərdoğan Boraltan faciəsi ilə bağlı fikirlərini belə yekunlaşdırıb.