Fransanın Luvr muzeyi işçilərinin tətili səbəbindən qeyri-müəyyən müddətə bağlanıb.
Moderator.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Mənbənin sözlərinə görə, yığıncaqda iştirak edən yüzlərlə işçi iş şəraitinin pisləşməsi ilə əlaqədar bir günlük tətili yekdilliklə dəstəkləyib.
Muzeyin mətbuat xidməti də rəsmi məlumat yayıb və yaranmış narahatlığa görə üzr istəyib. “İşçilərin tətili səbəbindən muzeyin sərgisi hazırda ictimaiyyət üçün əlçatan deyil”, - məlumatda deyilir.
Qeyd edək ki, bir neçə gün öncə muzeyin Milad bayramı ərəfəsində bağlana biləcəyi ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, oktyabrın 19-u Luvr muzeyində qarət hadisəsi baş vermişdi. Belə ki, muzeyə daxil olan qarətçilər cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 qiymətli əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 102 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.