Sidneyin Bondi-Biç sahilində Hanuka bayramında törədilən terror aktının qurbanları arasında Slovakiya vətəndaşı da olub.
Moderator.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Peter Pelleqrini "X" sosial şəbəkəsi hesabında yazıb.
"Artıq dünən amansız, ölümcül hücumu qəti şəkildə pisləmişəm. Bu gün bu faciə Slovakiyaya da toxunub - mənasız, amansız qətlin qurbanları arasında slovak qadın Marika da var idi", - P.Pelleqrini yazıb.
Slovakiya Prezidenti dünya ictimaiyyətini qarşılıqlı nifrətdən imtina etməyə çağırıb, çünki bu "günahsız insanların ölümünə" gətirib çıxarır.
"Tanımadığımız insanlara nifrətin nə qədər böyük ola biləcəyini görmək qorxuludur. Biz hər dəfə ehtiyatsızca, nəticələri düşünmədən, şüurlu və ya qeyri-şüurlu şəkildə nifrətin yayılmasına kömək etdiyimiz zaman bunu xatırlamalıyıq. Nifrət sərhəd tanımır və nəticəsi günahsız insan həyatlarının məhv edilməsidir" - deyə o qeyd edib.
Qeyd edək ki, Sidneydəki terror aktı nəticəsində atəş açanlardan biri də daxil olmaqla 16 nəfər həlak olub. Daha 38 nəfər xəstəxanadadır, onlardan yeddisinin vəziyyəti kritik qiymətləndirilir. Avstraliya polisi hesab edir ki, terror aktını törədənlərdən biri İŞİD terror qruplaşması ilə əlaqəlidir.