Zelenski üçün zaman daralır - Berlin danışıqlarının arxasındakı təhlükəli ssenari
Ekskluziv
1606
13:39, Bu gün

Zelenski üçün zaman daralır - Berlin danışıqlarının arxasındakı təhlükəli ssenari

Berlin sammiti münaqişənin gedişinə real təsir göstərə biləcək mühüm mərhələdir. Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib. Onun  sözlərinə görə, ABŞ və Avropa tərəfdaşları ilə “sülh planı” ətrafında keçirilən danışıqlar bu gün də davam edəcək. Prezident qeyd edib ki, görüşlərdə 20 maddədən ibarət çərçivə planı müzakirə olunur. Zelenskinin vurğuladığına görə, Berlin formatında aparılan danışıqlar təkcə diplomatik səviyyədə deyil, həm də birbaşa cəbhədəki vəziyyətə təsir göstərə biləcək qərarların qəbuluna imkan yarada bilər.
 
Bəs danışıqlardan müsbət nəticə əldə ediləcəkmi? 20 maddəlik çərçivə planı real atəşkəsə gətirib çıxara bilərmi?
Politoloq Azad Məsiyev Moderator.az-a bildirib ki, bu münaqişə sadəcə Rusiya-Ukrayna savaşı deyil, əslində NATO ilə Rusiya arasında gedən genişmiqyaslı müharibədir:
 
“Ukrayna bu münaqişədə əsasən bir poliqon rolunu oynayır. NATO bu müharibədə həm hərbi, həm siyasi səviyyədə iştirak edir: hərbi yardım göstərir, əməliyyatlara nəzarət edir, maliyyə dəstəyi verir, psixoloji müharibə aparır və kəşfiyyat məlumatları paylaşır. Buna baxmayaraq, hərbi baxımdan Rusiya Ukraynanın 20–25 faiz ərazisinə nəzarət edir və günbəgün irəliləyir. Siyasi müstəvidə də Rusiya güclü tərəfdir, çünki sülh sazişi məsələlərində diktə edən tərəf məhz Moskvadır. Bu səbəbdən NATO ölkələri arasında da fikir ayrılığı yaranıb.  ABŞ ilə Avropa İttifaqı arasında ciddi fərqlilik mövcuddur. Məsələ burasındadır ki, Rusiya qalib tərəf olduğundan, münaqişənin həlli yalnız onun şərtlərinin qəbuluna bağlıdır. Hazırda ABŞ prezidenti tərəfindən təklif edilən 28 maddəlik sülh planı ilə Avropa İttifaqının layihəsi arasında ciddi fərqlər var və ortaq razılıq hələ tam əldə olunmayıb. Hətta razılıq əldə olunsa belə, Avropa layihəsi Rusiya tərəfindən qəbul edilməyəcək. Zelenski və Avropanın aparıcı dövlətləri atəşkəsin ilk addım olmasını gündəmə gətirir, lakin strateji baxımdan Rusiya bunu qəbul etmir. Rusiya daha dərin və kompleks həll yolu tələb edir. Bu münaqişə həm beynəlxalq hüquq, həm də Ukrayna konstitusiyası baxımından həllini tapmayacaq, həll yalnız real vəziyyətə uyğun olmalıdır. Rusiya bu müharibədə böyük itkilər verib, lakin faktiki olaraq Ukraynanın 20–25 faiz ərazisinə nəzarət etməsi onu diktə edən tərəf edir. Bu səbəbdən Ukrayna Rusiya şərtlərini qəbul etməli olacaq. Reallığı qəbul etməyən tərəf yeni fəlakətlərlə, şəhərlərin itirilməsi və insan itkiləri ilə üzləşə bilər. Avropa Ukraynaya silah, sursat və maliyyə yardımı göstərsə də, münaqişə artıq Rusiyanın xeyrinə həll olunmağa doğru gedir, çünki Rusiya Ukraynanın yeni ərazilərini və yaşayış məntəqələrini ələ keçirməkdədir”.
 
Politoloq qeyd edib ki, Avropa İttifaqı münaqişənin dayandırılmasında maraqlı deyil. Onların hesabına uzunmüddətli münaqişə nəticəsində Rusiya iqtisadi çöküşə uğrayacaq, ölkə daxilində ixtilaflar baş verəcək və nəticədə Putin hakimiyyəti devriləcək. Bu avantürist düşüncələr isə Ukraynanı fəlakətə sürükləyib:
 
“2022-ci ildə İstanbul sammitinin  şərtləri qəbul olunsaydı, münaqişə dayansaydı, Ukrayna bu qədər ziyan və itki ilə üzləşməzdi. Lakin Böyük Britaniyanın baş naziri Conson o zaman Zelenskiyə təzyiq etdi, İstanbul razılaşmasından imtina edildi və nəticədə Ukrayna yeni ərazilərini itirdi, daha böyük fəlakətə sürükləndi. Bu gün eyni ssenari başqa formada təkrarlanır. Zelenski yenidən təzyiq edilərək münaqişənin uzanmasına səbəb olur. Amerika bu məsələdə əsasən kənardan müşahidəçi olsa da, ən çox xeyir götürən tərəf məhz ABŞ-dır. Çünki Avropa tərəfindən ayrılan yüz milyardlarla vəsait ABŞ-a gedərək silah və sursat alınır. Nəticədə Avropa iqtisadiyyatı zəifləyir. ABŞ-ın strateji məqsədi Avropanın iqtisadiyyatını çökdürmək və onun pul vahidi olan avronu  dünya bazarından çıxarmaqdır. Amerikanın gücü əsasən dolların üstünlüyünə bağlıdır və dolların rəqibi olan avro dünya bazarında güclənərsə, ABŞ-ın strateji mövqeyi zəifləyəcək. Bu baxımdan Avropanın uzunmüddətli münaqişədə maraqlı olması təbiidir. Enerji və xammal məsələsi burada əsas rol oynayır. Avropa dövlətləri hələ 2014-cü ilə qədər Rusiya ilə böyük iqtisadi əməkdaşlıq aparırdı; Ukraynada münaqişə yaradılmaqla Avropa ilə Rusiya arasındakı əlaqələr kəsildi. Münaqişənin uzanması Avropa iqtisadiyyatının çöküşünə gətirib çıxarır.Təəssüf ki, bəzən bəzi ekspertlər məsələyə yalnız beynəlxalq hüquq prizmasından yanaşırlar, reallığı isə qəbul etmirlər. Halbuki bu münaqişənin həlli yalnız real vəziyyətə uyğun olmalıdır”.
 
Politoloqun fikirincə, artıq beynəlxalq hüquq dünya siyasətini tənzimləmir, qlobal proseslər güc və gücün diktəsi ilə formalaşır:
 
“Bu reallığı biz Azərbaycan olaraq öz taleyimizdə yaşamışıq. Bu gün dünya siyasəti beynəlxalq hüquqa deyil, güc amilinə əsaslanır. Ümumilikdə Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükəli bir sivilizasiyadır. Birinci və İkinci Dünya müharibələri də məhz Avropa sivilizasiyasının məhsulu olub. Bu gün isə Ukraynada faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir. Əgər Ukrayna münaqişəsi daha da genişlənərək pik həddə çatarsa və açıq şəkildə Üçüncü Dünya müharibəsinə çevrilərsə, nüvə silahından istifadə təhlükəsi yaranar ki, bu da bəşəriyyət üçün fəlakət deməkdir. Avropa İttifaqının siyasəti NATO ilə Rusiya arasında birbaşa müharibənin başlanmasını təhrik edir. Diqqət yetirsək görərik ki, Gürcüstanın baş naziri də açıq şəkildə bəyan edib ki, Avropa İttifaqı Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa təhrik edir və bu məqsədlə Tbilisiyə ciddi təzyiqlər göstərilir. Eyni zamanda Pribaltika ölkələri və Polşa üzərində psixoloji təbliğat aparılır ki, guya Rusiya bu dövlətlərə hücum edəcək. Bu, açıq-aşkar psixoloji müharibədir və Üçüncü Dünya müharibəsi üçün zəmin hazırlanır. Ümumilikdə Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Ukrayna–Rusiya münaqişəsinin başlanmasında əsas rol oynayan qüvvələr Böyük Britaniya, Polşa, Almaniya və Fransadır. Hətta Almaniyanın keçmiş kansleri Angela Merkel də etiraf etmişdi ki, 2015-ci il Minsk razılaşmaları Ukraynanı silahlandırmaq üçün vaxt qazanmaq məqsədi daşıyırdı.Yəni məqsəd Ukraynanı bilərəkdən müharibəyə cəlb etmək idi. Nəticədə münaqişə baş verdi, Ukrayna artıq ərazisinin təxminən 20 faizini itirib və itkilər davam edir. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində deyil, yalnız mövcud reallıqlar əsasında öz həllini tapacaq”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər