ABŞ-nin Los-Anceles məhkəməsi məşhur "Johnson & Johnson" şirkətinin iki qadına 40 milyon dollar təzminat ödəyəcəyi barədə qərar çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Məlumata görə, sözügedən şirkətin istehsal etdiyi uşaq pudrasından istifadə edən iki qadın yumurtalıq xərçənginə tutulmaları iddiası ilə məhkəməyə müraciət ediblər.
Məhkəmə müəyyən edib ki, "Johnson & Johnson" şirkəti pudranın təhlükəli olduğunu bilib, lakin istehlakçıları xəbərdar etməyib.
Sənədlərə əsasən, qadınlardan birinə 2014-cü ildə, digərinə isə 2018-ci ildə yumurtalıq xərçəngi diaqnozu qoyulub. Hər iki qadın təxminən 40 ildir "Johnson & Johnson Baby Powder"dən istifadə etdiklərini bildiriblər.
Məşhur şirkət hökmdən dərhal apellyasiya şikayəti verməyi planlaşdırdığını bəyan edib.
Qeyd olunub ki, "Johnson & Johnson" şirkəti uşaq pudrası və digər talktərkibli məhsullardan istifadə etdikdən sonra xərçəng diaqnozu qoyulduğunu iddia edən 67 mindən çox şikayətlə üzləşib.
Şirkət 2020-ci ildən ABŞ-də talktərkibli uşaq pudrasının satışını dayandırıb və qarğıdalı nişastalı məhsul buraxmağa başlayıb.