Dünya
1123
15:50, Bu gün

"İranda Nobel mükafatı laureatına qarşı yeni repressiya" -  "İran İnternational"

"Matəm mərasimi etiraz aksiyasına çevrildi, Nobel laureatı zorakılıqla saxlanıldı..."

2023-cü il Nobel Sülh Mükafatı laureatı, tanınmış iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi İranda yenidən saxlanılıb. 

Moderator.az xəbər verir ki, bu barədə "İran İnternational" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, hadisə ölkənin şərqində yerləşən Məşhəd şəhərində, insan haqları üzrə vəkil Xosrov Əlikordinin ölümünün yeddinci günü münasibətilə keçirilən matəm mərasimi zamanı baş verib. Mərasim qısa müddət sonra etiraz aksiyasına çevrilib.

Matəm mərasimindən etiraza, etirazdan zorakılığa

Məlumata görə, Əlikordi ötən həftə şübhəli şəraitdə ölü tapılıb. Hüquq müdafiəçiləri onun qətlinin arxasında İran rejiminin dayandığını istisna etmir. Əlikordi 2022-ci ildə ölkəni bürüyən kütləvi etirazlar zamanı saxlanılan fəalları müdafiə edən vəkillərdən biri olub.

Matəm mərasimində iştirak edənlər "Biz mübarizə aparırıq, ölürük, amma alçalmırıq" və "Diktatora ölüm" kimi şüarlar səsləndirib. Sosial şəbəkələrdə və İrandan kənarda yayımlanan kadrlarda Nərgiz Məhəmmədinin avtomobilin üzərinə çıxaraq insanları şüar səsləndirməyə çağırdığı görünür. HRANA təşkilatı isə onun mərasimdə baş örtüyü olmadan çəkilmiş fotolarını yayıb.

Sərt saxlanma və beynəlxalq reaksiyalar

Hüquq müdafiəçisinin ailə üzvləri və vəkilləri bildirir ki, Məhəmmədi zorakılıqla saxlanılıb. Qardaşı Həmid Məhəmmədi onun saçlarından dartıldığını, ayaqlarından döyüldüyünü deyib və bacısının ağır sağlamlıq vəziyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, Məhəmmədi daha əvvəl həbsdə olarkən ağciyər və ürək problemləri yaşayıb, bir neçə dəfə əməliyyat keçirib. Norveç Nobel Komitəsi baş verənlərə dərhal reaksiya verərək, İran hakimiyyətini Nərgiz Məhəmmədini şərtsiz azad etməyə, onun təhlükəsizliyini və toxunulmazlığını təmin etməyə çağırıb.

Xatırladaq ki, Nərgiz Məhəmmədi İran Hüquq Müdafiəçiləri Mərkəzinin vitse-prezidentidir. O, qadınların hüquqları uğrunda mübarizəyə, ölüm hökmünə qarşı kampaniyaya və həbsxanalarda işgəncə, cinsi zorakılıq faktlarının ifşasına görə tanınır. 

İranda ümumilikdə 13 dəfə həbs olunub, ona qarşı çıxarılan hökmlərin cəmi 36 ildən çoxdur. Nobel Sülh Mükafatına layiq görüldüyü vaxt o, həbsdə olub və yalnız 2024-cü ilin dekabrında tibbi səbəblərlə şərti azadlığa buraxılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər