"Habertürk" telekanalının spikeri Ela Rümeysa Cebeci "Narkotik maddələrin istifadəsi üçün yer və imkan təmin etmək" və "Ətrafındakı qadınları cinsi əlaqəyə məcbur edərək maddi mənfəət əldə etmək" ittihamları üzrə saxlanılan "Habertürk"ün baş redaktoru Mehmet Akif Ersoyla birlikdə narkotikdən istifadə edildiyi mühitdə fotoşəkillərinin olduğu iddialarına cavab verib.
Bu barədə Moderator.az "Haber Global"a istinadən məlumat verir.
Məlumata görə, "Halk TV"nin jurnalisti İsmail Saymaz özünün "Para siyaset" proqramında belə bir iddia irəli sürüb və bu iddianın mənbəyinin vəkil olduğunu bildirib. Bu açıqlama böyük səs-küyə səbəb olub. Cebeci isə buna sərt reaksiya verib.
İsmail Saymazın iddiasına görə, Ela Rümeysa Cebecinin telefonunda narkotikdən istifadə edildiyi bir mühitdə Mehmet Akif Ersoyla birlikdə çəkilmiş fotoşəkli var.
Bundan sonra Cebeci "Halk TV"nin jurnalistinə şəxsi mesaj göndərib və sözügedən iddiaların izləyicilərlə paylaşılmasını istəyib. Saymaz da canlı yayımda Cebecinin ona göndərdiyi mesajı sözbəsöz oxuyuraq ictimaiyyətə açıqlayıb.
Cebeci mesajında barəsindəki ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.
"Bəhs etdiyiniz bu iddia doğru deyil. Telefonumda Mehmet Akif Ersoyla çəkilmiş şəkil yoxdur. Buna görə də efirdə səsləndirdiyiniz bu məlumat həqiqətə ziddir. Mehmet Akif Ersoyla sosial həyatımda yalnız bir dəfə, kanalın bütün işçilərinin iştirak etdiyi bir tədbirdə ayaqüstü bir neçə dəqiqə söhbət etmişəm. Bundan başqa, işdən kənarda onunla hər hansı görüşüm və ya sosial fəaliyyətim olmayıb. Mən axşam saat 20:00-da yatan, gecəyarısı işinə gedib-gələn, idmançı intizamı ilə yaşayan bir insanam. Telefonum yoxlanılır. Dəlillərin tez bir zamanda ortaya çıxması üçün şifrəsini könüllü olaraq polisə vermişəm. Çünki gizlədəcək bir şeyim yoxdur. Böhtan üzərimdən qalxdığı zaman bunu izləyicilərimə ilk olaraq mən elan edəcəyəm. Hesabatımla canlı yayıma çıxacağam", - deyə Ela Rümeysa Cebeci qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin "Habertürk" telekanalının baş redaktoru Mehmet Akif Ersoy "Narkotik maddələrin istifadəsi üçün yer və imkan təmin etmək" və "Ətrafındakı qadınları cinsi əlaqəyə məcbur edərək maddi mənfəət əldə etmək" ittihamları üzrə saxlanılıb. O, prokurorluğa verdiyi ifadəsində barəsindəki ittihamları rədd edib. Ersoy, həmçinin bu hadisələr fonunda vəzifəsindən də azad edilib.