"Putin-Tramp qarşıdurması və yeni qlobal oyun qaydaları..."
Vladimir Putinin Trampla bağlı strategiyası əsasən vaxt qazanmaq və Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək üzərinə qurulub.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Vaxt qazanmaq və Ukraynaya təzyiq
Nəşr yazır ki, Putinin hesablamasına görə, Rusiya hazırda Ukrayna ilə müharibədə üstün mövqedədir və ABŞ-ın təklif etdiyi sülh razılaşmasını imzalamağa ehtiyac görmür.
Məqalədə qeyd olunur ki, Putin ABŞ prezidenti Trampı inandırmağa çalışır ki, problem Avropa ölkələri və Ukrayna prezidenti Zelenski ilə bağlıdır. Bununla da Kremlin planı vaxtı uzatmaq, Ukrayna və Qərbin Rusiyanın sülh şərtlərini qəbul etməsini gözləməkdir.
Həmçinin, Putin ABŞ və NATO-nun onu sülh planına məcbur etməyəcəyini hesab edir, çünki NATO-nun böyük itkilərlə müharibəyə girəcək döyüş gücü və iradəsi yoxdur. Moskvanın dron istehsalındakı üstünlüyü isə müharibədə assimetriya yaradır.
Buna misal Rusiyanın eyni anda 800 dron buraxması Avropanın bütün müdafiə raket ehtiyatlarını həftələrlə tükəndirə bilməsidir. Beləliklə, Kremlin hesablamasına görə, Rusiyanın hərbi, iqtisadi və diplomatik üstünlükləri onu razılaşmaya məcbur etməyəcək.
Trampın "Böyük Beşlik" vizyonu və Avropa siyasəti
Eyni zamanda, ABŞ prezidenti Donald Trampın yeni strateji vizyonu isə həm Avropaya, həm də beynəlxalq sistemə yönəlib. "Defense One" nəşrinin məlumatına görə, Tramp ABŞ-ın rəhbərlik etdiyi yeni beynəlxalq alyansı qurmaq niyyətindədir.
Mövcud G7 formatının əvəzinə, Rusiyanı və Çini daxil edən "Böyük Beşlik" yaradılması planlaşdırılır. Bu kluba ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiya daxil ediləcək və ölkələr müəyyən mövzularda sammitlər keçirəcəklər.
Trampın Avropa siyasəti isə "Tramplaşdırma" strategiyası üzərində qurulub: bəzi Avropa ölkələri, məsələn, Avstriya, Macarıstan, İtaliya və Polşa ABŞ-la daha sıx əməkdaşlığa cəlb olunaraq Avropa İttifaqından müəyyən şəkildə uzaqlaşdırılmalı, həmçinin milli suverenlik və ənənəvi həyat tərzi qorunmalıdır.
Yeni strateji yanaşma Avropanı problemli region kimi görür, demoqrafik və iqtisadi çətinlikləri vurğulayır və Rusiya ilə münasibətləri əsas prioritet hesab edir - Rusiyanı artıq "rəhlükə" yox, strateji tərəfdaş kimi qiymətləndirir.
Beləliklə, həm Putin, həm də Tramp öz strategiyalarında vaxt, hərbi üstünlük və diplomatik manipulyasiyalardan istifadə edərək həm regional, həm də qlobal balansı formalaşdırmağa çalışır. Putin Ukraynaya və Qərbə qarşı üstün mövqeyini qoruyur, Tramp isə ABŞ-ın qlobal rolunu yeni beynəlxalq alyanslar və Avropa siyasəti vasitəsilə yenidən yönləndirməyə çalışır.