Ukrayna "LUKOIL" şirkətinin Xəzər dənizindəki Filanovski yatağında neft hasilatı platformasına PUA (pilotsuz uçuş aparatı) zərbəsi endirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbəyə, Ukrayna KİV isə xüsusi xidmətlərdəki mənbələrə istinadən məlumat verib.
Mənbələrin sözlərinə görə, zərbələr Ukrayna Təhlükəsizlik Xidmətinin bölməsi tərəfindən həyata keçirilib. Mənbələr iddia edirlər ki, platformaya ən azı dörd zərbənin endirildiyi qeydə alınıb və bu da 20 quyudan neft daxil olmasının dayanmasına gətirib çıxarıb.
KİV qeyd edir ki, Ukrayna ilk dəfədir, Xəzər dənizindəki neft hasilatı obyektinə zərbə endirib. Platformanın məhz nə vaxt hücuma məruz qaldığı isə dəqiq deyilmir.
Rusiya tərəfi hələ ki bu məlumatla bağlı şərh verməyib.
Filanovski yatağı "LUKOIL" şirkəti tərəfindən 2005-ci ildə açılıb. Xəzər dənizi akvatoriyasının şimal hissəsində, Həştərxandan 220 kilometr məsafədə yerləşir. Şirkətin məlumatına görə, yataqda neft hasilatının layihə səviyyəsi ildə alltı milyon ton təşkil edir və bu da, "Bloomberg"in qeyd etdiyi kimi, gündə təxminən 120 000 barelə bərabərdir.