Myanma ordusu Arakan (Rakhayn) ştatının Banqladeş sərhədi yaxınlığındakı Mrauk-U şəhərində yerləşən mərkəzi xəstəxanaya hava zərbələri endirib.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində 33 nəfər həlak olub, azı 76 nəfər yaralanıb. Ölənlər arasında tibb işçilərinin də olduğu bildirilir.
Hərbi hökumət bölgədəki hücumla bağlı hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, Myanma ordusu 2020-ci ildə ümumi seçkilərdə saxtakarlığa yol verildiyi iddiaları və ölkədə yaranan siyasi gərginlikdən sonra 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirib.
Ordu ölkənin faktiki lideri və xarici işlər naziri Aun San Su Çji başda olmaqla, bir çox səlahiyyətli şəxsləri və hakim partiya rəsmilərini nəzarət altına alıb, bir il müddətinə fövqəladə vəziyyət rejimi elan edib.
Çevrilişdən və müxalifətin dinc etirazlarının qanlı şəkildə yatırılmasından sonra başlayan silahlı müqavimət və ölkə daxilindəki qarşıdurmalar 2021-ci ildən bəri 6000 insanın ölümünə və təxminən 3 milyon insanın qaçqın düşməsinə səbəb olub.