Gürcüstan Moskvanın tapşırığını yerinə yetirir? – Saakaşvilinin səs-küylü açıqlaması gündəmdə
Dünya
726
10:34, Bu gün

Gürcüstan Moskvanın tapşırığını yerinə yetirir? – Saakaşvilinin səs-küylü açıqlaması gündəmdə

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Cənubi Qafqazda gedən geopolitik proseslərlə bağlı sərt açıqlama ilə çıxış edib. Onun iddialarına görə, indiki Gurcüstan hakimiyyəti  Azərbaycan və Ermənistan arasında normallaşma cəhdlərini bilərəkdən ləngidir və regional əməkdaşlıq formatlarına mane olur. O, bu siyasəti Moskvanın maraqlarına xidmət etdiyini, ABŞ administrasiyasının diqqətini cəlb etmək məqsədi daşıdığını iddia edir. Saakaşvili Gürcüstanın həm tranzit tarifləri, həm də Azərbaycanla sərhəddən keçən yükdaşımalarla bağlı tətbiq olunan təzyiqlərlə Bakı-İrəvan yaxınlaşmasına əngəl törətdiyini bildirir.
 
Saakaşvilinin səsləndirdiyi iddialarda həqiqət payı nə qədərdir? Neft daşımasının ilk reysini pulsuz,digər reysi üçün yüksək məbləğ tələb edən Gürcüstana bu tapşırıqlar Moskvadan gəlir? 
Moderator.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin son açıqlamaları Cənubi Qafqazda gedən proseslərlə bağlı diqqətçəkən, lakin ehtiyatla təhlil olunmalı tezislərdir:
 
“O, hazırkı Gürcüstan hakimiyyətini Azərbaycan–Ermənistan normallaşmasını ləngitməkdə ittiham edir, lakin bu iddianın birbaşa təsdiqləyən açıq faktları hələlik yoxdur. Tbilisinin son illərdə seçdiyi siyasət daha çox riskdən qaçan, praqmatik və balanslaşdırılmış xətt kimi görünür. Bu davranış modeli bəzən regional təşəbbüslərdə passivlik görüntüsü yaradır. Gürcüstanın Moskva ilə münasibətləri açıq qarşıdurmaya girməmək üzərində qurulub. Bu, onun müəyyən mövzularda ehtiyatlı mövqelər tutmasına səbəb olur. Saakaşvilinin “hakimiyyət Moskvanın maraqlarına çalışır” iddiası siyasi qiymətləndirmə xarakteri daşıyır. Neft daşımasının birinci reysdə pulsuz, növbəti reysdə yüksək məbləğlə həyata keçirilməsi də tam şəkildə xarici tapşırıq kimi təqdim oluna bilməz. Bu, daha çox Tbilisinin enerji tranziti ilə bağlı dəyişkən kommersiya qərarları ilə izah oluna bilər. Bununla yanaşı, Gürcüstanın davranışları regionda Rusiyanın maraqlarına zidd deyil. Azərbaycan–Ermənistan normallaşması ümumi sabitlik baxımından Gürcüstan üçün müsbət dinamika yaradır. Sabit region Tbilisinin tranzit imkanlarını və iqtisadi rolunu gücləndirə bilər. Lakin tam və sürətli normallaşma Gürcüstanın vasitəçi statusunun azalmasına gətirə bilər. Bu səbəbdən ölkənin mövqeyi bəzən ehtiyatlı və gecikmiş xarakter alır. Gürcüstan ümumi prosesin getməsində maraqlıdır, amma prosesin dinamikasına təsir edən öz daxili hesablamalarını da nəzərdə tutur. Bu kontekstdə Saakaşvilinin fikirlərini bir siyasi şərh kimi, lakin tam faktoloji dəlil olmayan iddialar kimi qiymətləndirmək daha rasional görünür”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər