Litva Xarici İşlər Nazirliyi Belarusun müvəqqəti işlər vəkilinə etiraz notasını təqdim edərək ölkənin Belarus ərazisində saxlanılan yük maşınlarının qaytarılmasını və iki ölkə sərhədində hava məkanının nəzarətinin təmin edilməsini tələb edib.
Moderator.az bildirir ki, bu barədə məlumatı Litva Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
"Litva Xarici İşlər Nazirliyinə çağırılan Belarus səfirliyinin müvəqqəti işlər vəkilinə Belarus ərazisindən həyata keçirilən davamlı hibrid hücumlar, habelə Avropa İttifaqının vətəndaşları və şirkətlərinin mülkiyyətinin məcburi ələ keçirilməsi ilə əlaqədar etiraz notası verilib", - deyə XİN-in bəyanatında qeyd edilir.
Noyabrın 25-də Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirmişdi ki, Litvanın 1800-dən çox yük maşını Belarus ərazisində qalır, çünki Litva hakimiyyəti sərhəd nəzarəti məsələsində Minsk ilə konstruktiv dialoqa getmir.