ABŞ hakimiyyəti 2029-cu ildə prezidentlik müddəti başa çatdıqdan sonra Donald Tramp və onun məmurlarını təqib etməyəcəyinə dair Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) təminat istəyir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəsinə istinadən məlumat yayıb.
"2029-cu ildə BCM-nin prezident, vitse-prezident və başqalarını mühakimə etməyə başlayacağı ilə bağlı narahatlıq artır. Bu, qəbuledilməzdir və biz bunun baş verməsinə icazə verməyəcəyik", - deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib.
Mənbənin sözlərinə görə, ABŞ hərbçilərinin Əfqanıstandakı hərəkətlərinin araşdırılması davam edərsə, ABŞ-də xeyli hakimə və məhkəmənin özünə qarşı sanksiyalar tətbiq edilə bilər.
Ağ Ev həmçinin BCM-dən İsrail liderləri və onların Qəzza münaqişəsi zamanı hərəkətləri ilə bağlı araşdırmanı dayandırmasını da istəyir. ABŞ rəsmisinin sözlərinə görə, Tramp Administrasiyasının nümayəndəsi tələbləri BCM-yə çatdırıb.
Məhkəmənin ABŞ liderlərinin mühakimə olunmaması üçün Roma Statutuna düzəlişlər edəcəyi ehtimal olunur. Agentlik, öz növbəsində, bunun asan olmayacağını, çünki sənədi ratifikasiya etmiş 125 üzv dövlətin üçdə ikisinin təsdiqinin tələb olunduğu vurğulanır.
"Reuters" həmçinin BCM-nin Trampa qarşı potensial olaraq təqibə başlaya bilməsinin səbəbini dəqiqləşdirməsə də, ABŞ-nin narkotik ticarəti ilə mübarizə adı altında Karib dənizindəki gəmilərə hücumlarını xatırladıb.