Türkiyənin texnoloji inqilab hesab edilə biləcək pilotsuz döyüş təyyarəsi dünya rekordu qırdı - VİDEO
Dünya
881
10 Dec 2025 | 17:50

Türkiyənin texnoloji inqilab hesab edilə biləcək pilotsuz döyüş təyyarəsi dünya rekordu qırdı - VİDEO

Türkiyənin pilotsuz sistemlər sahəsində ulduzu olan "Kızılelma" son günlərdə həyata keçirdiyi qabaqcıl "hava-hava" raket sınağı ilə dünya gündəmini sarsıdacaq bir uğura imza atıb.

Bu barədə Moderator.az "TRT Haber"ə istinadən məlumat verir.

Məlumata görə, "Kızılelma" öz radarları ilə hədəfi müəyyən edən və yerli istehsal olan raketini uğurla buraxaraq buna nail olan dünyanın ilk pilotsuz döyüş təyyarəsi olub.

"Kızılelma"nın bu tarixi nailiyyətinin əks-sədaları davam edərkən ABŞ tərəfindən də "Boeing"in istehsal etdiyi "MQ-28 Ghost Bat" təyyarəsi üçün oxşar sınaq keçirilib. Lakin nəzərəçarpacaq bir fərqlə: ABŞ-nin sınağında hədəf "MQ-28" tərəfindən müstəqil olaraq deyil, ona məlumat ötürən erkən xəbərdarlıq təyyarəsinin köməyi ilə aşkar edilib. Bundan əlavə, ABŞ-nin paylaşdığı sınaq görüntülərində raketin hədəfi vurduğu kritik an yer almayıb, ona görə də bu buraxılışın uğurla başa çatdığı iddiası qeyri-müəyyən olaraq qalır.

Məsələ ilə bağlı sosial şəbəkələrdə aparılan qızğın müzakirələrdə çox sayda istifadəçi "Boeing"in "İlk biz buna nail olduq" açıqlamasına etiraz edib və Türkiyənin bu texnoloji həddi daha əvvəl keçdiyini vurğulayıb.

BAYKAR-ın strateji bir addımla "Kızılelma"nın "hava-hava" buraxılış görüntülərini şəffaf şəkildə bütün dünyaya paylaşması Türkiyənin bu sahədəki iddiasını konkret dəlillərlə dəstəkləyib.

Türkiyə daha əvvəl Suriya əməliyyatlarında PUA-ları innovativ konsepsiyada istifadə edərək, beynəlxalq arenada "oyun dəyişdirici" kimi tanınmışdı. Mütəxəssislər Türkiyənin "Kızılelma" ilə oxşar paradiqma dəyişikliyinin astanasında olduğunu irəli sürürlər. ABŞ da daxil olmaqla, bir çox inkişaf etmiş ölkələr pilotlu və pilotsuz təyyarələrin koordinasiyalı hərəkətinə diqqətlərini cəmlədikləri halda "Kızılelma" inkişaf etmiş sensor sistemləri, radar texnologiyası və inteqrasiya olunmuş sursat strukturu ilə "hava-hava" tipli tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilən nadir platformalardan biri kimi seçilir və müdafiə texnologiyaları dünyasında özünəməxsus yer tutur.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər