İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli binada güclü yanğın baş verib.
Bu barədə Moderator.az "The Economic Times" nəşrinə istinadən məlumat verib.
Məlumata görə, rəsmilər yanğın nəticəsində 20 nəfərin öldüyünü bildiriblər.
Mərkəzi Cakarta polisinin rəisi Susatio Purnomo Kondro bildirib ki, yanğın söndürülüb, lakin binanın içərisində mümkün qurbanların axtarışı davam edir.
Kondronun sözlərinə görə, yanğın birinci mərtəbədə başlayıb və sonra yuxarı mərtəbələrə yayılıb. Bəzi işçilər həmin vaxt binada nahar edirmişlər, digərləri isə ofisi tərk ediblər. Hazırda xəsarət alanlar təxliyə edilirlər.
Qeyd edilir ki, binada mədən və kənd təsərrüfatı sənayesindəki müştərilərə aerofotoçəkiliş üçün dronlar təqdim edən "Terra Drone Indonesia" şirkətinin ofisi yerləşir. O, Yaponiyanın dron istehsalçısı olan "Terra Drone Corporation"ın İndoneziyadakı bölməsidir.
Yanğınla bağlı yayılan görüntülərdə onlarla yanğınsöndürənin içəridəki insanları təxliyə etməyə çalışdığı, bəzilərinin isə binadan cəsəd torbaları çıxardığı kadrlar əks olunub. Bəzi işçilər nərdivanlardan istifadə edərək binanın yuxarı mərtəbələrini tərk etməyə çalışıblar.