Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi bəyan edib ki, Ruanda artıq sülh sazişi üzrə öhdəliklərini pozur.
Moderator.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
O bildirib ki, Ruandanın hərəkətləri ölkənin şərqində döyüşlərin dayandırılması səylərini zəiflədir və regionda uzunmüddətli sülh və sabitliyi təhlükə altına qoyur.
"Razılaşmanın imzalanmasından dərhal sonra Ruanda bölmələri ağır silahlardan istifadə etməklə hücumlar həyata keçirib, Buqarama şəhərinin ərazisindən atəş açıb. Bu isə ciddi insan tələfatına və maddi ziyana səbəb olub, atəşkəs rejimini pozub", – deyə Çisekedi vurğulayıb.
Onun sözlərinə görə, iyun ayında imzalanmış sazişə sadiqlik barədə ictimai bəyanatlara baxmayaraq, Ruandanın faktiki addımları artıq əldə olunmuş razılaşmalara ziddir.
Xatırladaq ki, ötən həftə Vaşinqtonda Konqo və Ruanda prezidentləri münaqişənin sülh yolu ilə həlli barədə saziş imzalayıblar. Sənədin imzalanma mərasimində ABŞ Prezidenti Donald Tramp da iştirak edib.