"Kiyev Donbasın gələcəyi və təhlükəsizlik təminatları məsələsində vahid mövqenin olmadığını bildirir..."
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın irəli sürdüyü sülh təşəbbüsü üzrə son danışıqlarda tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığını deyib.
Moderator.az xəbər verir ki, bu barədə o, "Bloomberg" nəşrinə telefon müsahibəsində bəyan edib.
Sülh danışıqlarının dalanı: Donbas üzrə üç fərqli mövqe
Zelenski qeyd edib ki, Ukrayna, ABŞ və Rusiya Donbasın, yəni Donetsk və Luqanskın gələcəyi haqqında ortaq mövqeyə gələ bilməyib. O, vurğulayıb ki, Kiyev Qərb tərəfdaşlarından, ilk növbədə ABŞ-dan ayrıca təhlükəsizlik təminatları haqqında razılaşma istəyir. Onun sözlərinə görə, əsas sual dəyişməz qalır: "Əgər Rusiya yenidən müharibəyə başlasa, tərəfdaşlarımız nə edəcək?".
Mətbuata açıqlamalar fonunda Zelenski gün ərzində Londona gedərək Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşəcək. "Financial Times" yazır ki, Avropa müttəfiqləri ABŞ-ın təzyiqləri fonunda Ukraynaya siyasi dəstəyi nümayiş etdirməyi planlaşdırır.
Kiyev hələ tam məlumat almayıb
ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Zelenskini sülh planı ilə tanış olmamaqda qınayıb, hətta "Rusiya razıdır, komanda razıdır, amma Zelenskinin özü razıdırmı, bilmirəm" deyib.
Bu iddialar fonunda Ukrayna tərəfi Vaşinqtonla intensiv danışıqlar aparmağa başlayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasımın katibi Rustəm Ömərov və Baş Qərargah rəisi general Andrey Qnatov Tramp Administrasiyasının nümayəndələri ilə bir neçə gün ardıcıl görüşlər keçirib.
Ömərov "X" platformasında yazıb ki, məqsəd ABŞ tərəfinin Moskva ilə apardığı danışıqlarla bağlı tam məlumatı almaq və bütün hazırkı təkliflərin layihələrini prezidentlə müzakirəyə çıxarmaqdır:
"Biz çalışırıq ki, bu müharibənin ləyaqətli şəkildə başa çatması üçün bütün mümkün addımları ataq".
Zelenskiyə təqdim olunacaq sənədlər və Avropaya səfərin məqsədi
Ömərovun sözlərinə görə, dekabrın 8-də Ukrayna liderinə ABŞ-la dialoqun bütün detalları, sənədlər və təklif paketləri təqdim olunacaq. O, danışıqların "maksimum intensivliklə" aparıldığını qeyd edib. Eyni zamanda Zelenski Avropada müttəfiqlərlə görüşərək ABŞ-ın sülh planını onların mövqeyi ilə uzlaşdırmağa çalışacaq. Britaniya Xarici İşlər Nazirliyi açıqlayıb ki, danışıqlarda təməl prinsip dəyişməzdir: "Ukrayna öz gələcəyini özü müəyyən etməlidir".