Pentaqondan şok qərar: Vaşinqton “Monro doktrinası”na geri qayıdır
Dünya
406
16:32, Bu gün

Pentaqondan şok qərar: Vaşinqton “Monro doktrinası”na geri qayıdır

ABŞ hökuməti Avropa ölkələrini xəbərdar edib ki, əgər Vaşinqtonun Avropadakı müttəfiqləri 2027-ci ilə qədər blokun müdafiə xərclərinin daha böyük hissəsini öz üzərlərinə götürməsələr, ölkə NATO-nun bəzi müdafiə əlaqələndirmə mexanizmlərində iştirakını dayandıra bilər.
Pentaqon nümayəndələri bildiriblər ki, ABŞ hələlik Avropanın öz müdafiə imkanlarını gücləndirmək sahəsində əldə etdiyi nəticələrdən razı deyil. Onların sözlərinə görə, əgər Avropalı müttəfiqlər müəyyən edilmiş müddətə — 2027-ci ilə qədər öhdəlikləri yerinə yetirməsələr, Vaşinqton alyansın bəzi müdafiə koordinaisya mexanizmlərində iştirakdan çəkiləcək. Eyni zamanda  NATO Şərqi Avropa istiqamətində genişlənməni dayandırmalıdır. Bu isə deməkdir ki, ABŞ Avropa ilə bağlarını qırıb Rusiya ilə əməkdaşlığını bərpa etməyə çalışır.
 
Bəs Trampın tələbini Avropa yerinə yetirə biləcəkmi? Həqiqətən ABŞ-ın  NATO-dan çıxma ehtimalı varmı?
Moderator.az-a britaniyalı politoloq Neil Vatson deyib ki, yaxın 5–7 il ərzində ABŞ-ın NATO-dan rəsmi şəkildə çıxma ehtimalı çox aşağıdır:
 
“Bununla belə, alyansı səssiz şəkildə sabotaj etmək və NATO-nu faktiki olaraq formal, dekorativ bir quruma çevirmək ehtimalı yüksəkdir. Pentaqon açıq şəkildə bildirir ki, 2027-ci ilə qədər Avropalılar NATO-nun ənənəvi müdafiəsinin əsas yükünü öz üzərlərinə götürməlidirlər. Tramp administrasiyası dövründə hazırlanmış yeni ABŞ milli təhlükəsizlik strategiyası prioritetləri daxilə və Qərb yarımkürəsinə yönəldir. Sənəd Avropaya qarşı kəskin skeptik yanaşır, “yükün bölüşdürülməsi” prinsipini vurğulayır və yenidən “Monro doktrinası"na dönüş siqnalları verir.
Son illərdə ilk dəfə olaraq Rusiya ABŞ-ın bu strategiyasının bəzi elementlərini açıq şəkildə alqışlayır. Kreml NATO-nun genişlənməsinin dayandırılması və “Rusiya ilə strateji sabitliyin” bərpasına yönəlmiş kursu dəstəkləyir ki, bu da prezidentlər Tramp və Putin arasında xüsusi münasibətlərin davam etdiyini göstərir.
Hazırda 5–10 il ərzində Avropanın NATO daxilində və ya yanında qismən ABŞ-ı əvəz edə biləcəyi yeni bir təhlükəsizlik sisteminin necə qurulacağı müzakirə edilir. Bu yanaşma açıq şəkildə Trampın alyansı tərk etmək hədələrinə cavab olaraq formalaşdırılıb.
Ukraynada müharibə davam etməsinə baxmayaraq, demək olar ki, bütün müttəfiqlər müdafiə xərclərini ÜDM-in 2%-inə yaxınlaşdırıblar və ümumi müdafiə xərcləri artıq 1,5 trilyon dollar və daha çoxdur.
Lakin Tramp hədəfi daha da yüksəldərək müdafiə xərclərini 3,5–5% səviyyəsinə və ənənəvi quru müdafiəsinin tam şəkildə “Avropalaşdırılmasına” doğru itələyir.
Bununla belə, Konqres prezidentin NATO-dan rəsmi çıxış imkanlarını məhdudlaşdırıb. Qanun prezidentə Senatın üçdə ikisinin təsdiqi və ya ayrıca Konqres aktı olmadan ABŞ-ı NATO-dan birtərəfli qaydada çıxarmağı və ya hətta üzvlüyü dayandırmağı birbaşa qadağan edir.
Rəsmi çıxış üçün Trampın bu iki şərtdən birini təmin etməsi lazımdır:
Senatın 2/3 hissəsinin NATO-dan çıxışın lehinə səs verməsi — bu isə hazırkı siyasi qütbləşmə şəraitində demək olar ki, mümkünsüzdür. Konqres tərəfindən ayrıca qanunun qəbul edilməsi — bu da son dərəcə çətindir. Çünki həm Demokratlar, həm də Respublikaçıların bir hissəsi müdafiə sənayesi və qlobal hərbi bazalar şəbəkəsi ilə sıx bağlıdır”.
 
Britaniyalı politoloq vurğulayıb ki, yeni müdafiə qanunu ABŞ qoşunlarının Avropadakı sayının azaldılmasını və NATO-nun komanda strukturlarında ABŞ rolunun zəiflədilməsini faktiki olaraq mümkünsüz edir:
 
“2030-cu ilə qədər ABŞ-ın NATO-dan hüquqi cəhətdən “təmiz və rəsmi” çıxış ehtimalı demək olar ki, sıfıra bərabərdir — yalnız kəskin qəfil hadisə baş verərsə, bu dəyişə bilər.
Lakin “səssiz çıxış” və ya səssiz şəkildə funksional uzaqlaşma strategiyası realdır və müəyyən qədər artıq başlayıb.
ABŞ tələb edir ki, 2027-ci ilə qədər Avropa öz müdafiə xərclərinin əsas hissəsini özü qarşılasın. Vaşinqton isə diqqəti Çinə və Qərb yarımkürəsinə yönəldir.
Lakin Prezident Tramp aşağıdakı addımlara gedə bilər:
Planların təsdiqini bloklamaq;
Ukrayna ilə bağlı qərarları ləngitmək;
5-ci maddəni tam icra etməkdən imtina etmək və “hər bir müttəfiq hansı addımı atacağına özü qərar verir” formulu ilə məsuliyyəti yayındırmaq.
Hüquqşünaslar artıq qeyd ediblər ki, qanun ABŞ-ın NATO-dan çıxmasını məhdudlaşdırır, lakin praktiki iştirakın azaldılmasını qadağan etmir. Tramp illərdir NATO-nu daxili auditoriya üçün günah keçisi kimi istifadə edir.
Faktiki olaraq, ABŞ NATO-da formal olaraq qala, lakin “tənbəl səhmdar” kimi davranaraq minimum iştirak edə, hər qərarı müzakirə obyektinə çevirə və NATO-dan müqəddəs institut kimi yox, təzyiq aləti kimi yararlana bilər. Bu, olduqca real ssenaridir”.
 
Politoloq Rusiyanın bu məsələdə qazancına diqqət çəkib:
 
“Yeni ABŞ strategiyası NATO-nun şərqə doğru genişlənməsinə və Ukraynaya birbaşa təsir edir. Sənəd “Rusiya ilə strateji sabitliyi” vurğulayır və “Avropadakı sivilizasiyanın aşınması” kimi ifadələrlə Avropa siyasətinə kəskin tənqidi yanaşır — bu, Rusiyanın ritorikası ilə üst-üstə düşür.
Moskva Vaşinqtonun mövqeyini açıq şəkildə alqışlayır və belə bir siqnal verir:
“Əgər NATO-nu və Ukraynanı yavaşlatsanız — biz də Çin, Yaxın Şərq və ya enerji məsələlərində sizin yolunuzu kəsməyəcəyik.”
Avropa buna cavab olaraq güclənməyə və daha çox muxtariyyətə yönəlir. Müdafiə xərcləri ÜDM-in 2%-dən yuxarı qalxır. Fransa və Böyük Britaniya əsasında “Avropa nüvə çətiri” ideyası müzakirə olunur və Böyük Britaniya AB-yə daha çox yaxınlaşır. Vaşinqtonun NATO-dakı rolunu həqiqətən azaltdığı halda necə davranılacağı barədə pərdəarxası müzakirələr gedir. NATO-nun məhdudlaşdırılması və Ukraynanın “dondurulmuş münaqişə” vəziyyətində saxlanılması, əvəzində Rusiyanın ABŞ-ın Çin strategiyasına mane olmaması və Pekinlə tam ittifaqa girməməsi — real mümkün ssenarilərdən biridir”.
 
 
Mehin Mehmanqızı
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər