Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Arakçi dekabrın 7-də Azərbaycana gəlib.
Rəsmi danışıqlar üçün Bakıda olan İranın xarici işlər naziri Seyid Abbas Arakçi bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb. İran Dövlət Televiziyasının Bakıdan hazırladığı reportajda bildirilib ki, Əliyevlə görüşündən sonra Arakçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirə aparacaq.
Arakçının Bakı səfərini zəruri edən əsas amillər hansılardır və səfərin məqsədi nədən ibarətdir?
Bu barədə Moderator.az-a danışan politoloq Turan Rzayev deyib ki, Azərbaycan-İran münasibətlərində müəyyən normallaşma müşahidə olunur:
“Məsud Pezeşkiyan hakimiyyətə gəldikdən sonra iki ölkə arasında problemlərin həlli istiqamətində ciddi işlər görüldü. Ardıcıl səfərlər təşkil olundu, xüsusən də İran tərəfindən baş tutan səfərlər, o cümlədən cənab Məsud Pezeşkiyanın Azərbaycana səfəri zamanı verilən pozitiv mesajlar, hətta Azərbaycan dilində şeir səsləndirməsi və Azərbaycan kimliyini ön plana çıxarması iki ölkə münasibətlərinin normallaşması istiqamətində atılan ciddi addımlardan biridir. Əlbəttə, iki ölkə arasında qalan problemlər də var və onların həlli üçün danışıqlara ehtiyac var. Azərbaycan regionda hazırda əsas nəqliyyat və enerji layihələrinin hab rolunu oynayır. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycandan keçir və bu, rəsmi Bakının geopolitik mövqeyini artıran faktordur. İran tərəfi bunu yaxşı bilir. Bundan başqa, Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq və müəyyən gərginlik də İranı narahat edir. Rəsmi Tehran bu soyuqluğun onun layihələrinə və dünya bazarına çıxışına problem yaratmasını istəmir və görünən əsas səbəblərdən biri məhz budur. Bundan əlavə, Xəzər dənizi ticarəti məsələləri və iki ölkə arasında ticarət dövriyyəsi də mühüm mövzulardır və bu məsələlərin müzakirəsinə ehtiyac var”.
Politoloq vurğulayıb ki, digər bir məsələ də İran-Azərbaycan və Azərbaycan-İsrail münasibətləri kontekstindədir:
“Qeyd etmək lazımdır ki, Azərbaycanın İsraillə münasibətləri hər zaman İranı narahat edib və bu məsələ İran tərəfi tərəfindən birmənalı qarşılanmayıb. Məlum olduğu kimi, İranla İsrail arasında gərginlik davam edir və yaxın müddətdə tərəflərin hərbi qarşıdurma səviyyəsinə çatacağı da proqnozlaşdırılır. Əgər belə bir vəziyyət baş verərsə, Tehran indidən Bakının vasitəçiliyini istəmiş ola bilər.
Sepahın fəaliyyəti də Azərbaycan tərəfini narazı salıb, xüsusən Azərbaycana qarşı aparılan qarayaxma və PR kampaniyaları. Bundan başqa, İranın uzun illər Azərbaycana qarşı məzhəb və din faktoru üzərindən təsir göstərməyə çalışması da rəsmi Bakıda narazılıq yaradıb. Hər halda tərəflər arasında müzakirəyə ehtiyacı olan məsələlər çoxdur.
Azərbaycan və İran arasında əsas mövzu iki ölkə münasibətlərinin mövcud səviyyəsi və inkişaf perspektivləri olacaq. Daha sonra iqtisadiyyat, nəqliyyat, diplomatiya və digər sahələrdə məsələlər müzakirə ediləcək. Yəqin ki, ictimaiyyətə açıqlanmayacaq əsas məsələlərdən biri təhlükəsizlik, regional siyasət, geopolitik əməkdaşlıq və İsrail-İran gərginliyi fonunda Bakının vasitəçilik imkanları ola bilər”.
Mehin Mehmanqızı