Həkimlər Londonun Hitrou hava limanında çamadan oğurluğuna cəhd zamanı avtomobil parkında bibər qazından istifadə edilən insident zamanı yaralanan 21 nəfərə tibbi yardım göstəriblər.
Moderator.az xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.
Polisin məlumatına görə, xəsarət alanlar arasında üç yaşlı qız da var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya aparılıb; onların həyatları təhlükədə deyil.
"İlkin məlumata görə, 4 nəfərdən ibarət qrup bir qadının çamadanını oğurlayaraq, ona bibər qazı olduğu ehtimal edilən maddə çiləyib. Hadisə avtomobil parkındakı liftin içərisində baş verib, nəticədə liftdə və ətrafında olanlar xəsarət alıb", - Skotland-Yardın sözçüsü Peter Stevens bildirib.
Hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisədə əli olmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.