"Beynəlxalq müdaxilə və regional strategiyalar gərginliyi artırır..."
Misir xarici işlər naziri Badr Abdelati Dohada çıxış edərək Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin təcili yerləşdirilməsini tələb edib
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Misirin çağırışı və İsrailin cavabı
Nazir İsraili atəşkəs rejimini pozmaqda ittiham edir və vəziyyətdən çıxış yolunun yalnız monitorinq qüvvələrinin fəaliyyəti ilə mümkün olduğunu bildirir. İsrail ordusu isə deyir ki, atəş yalnız sərhəd xəttini pozan döyüşçülərə qarşı açılır və bu, HƏMAS-ın atəşkəsi pozmasına reaksiyadır.
Qahirənin mövqeyinə görə, beynəlxalq qüvvələr HƏMAS-ın nəzarətində olan ərazilərə deyil, "sarı xətt" boyunca yerləşdirilməlidir. Bu, Trampın planından fərqlənir - onun konsepsiyasında beynəlxalq kontingent HƏMAS-ı silahsızlaşdırmalı idi.
"Bu, əsl atəşkəs deyil"
Qətərin baş naziri Məhəmməd Əl‑Tani Dohada keçirilən konfransda bildirib ki, Qəzzada əldə olunan fasilə tam atəşkəs sayılmır. Onun sözlərinə görə, atəşkəs yalnız İsrail qoşunları çıxarıldıqdan və Qəzzada sabitlik bərpa olunduqdan sonra real ola bilər. Əl‑Tani diqqətçəkici şəkildə HƏMAS-ın öhdəliklərinə - girovların qaytarılması və qruplaşmanın silahsızlanmasına toxunmayıb. Bu, ərəb ölkələrinin Qəzzada HƏMAS hakimiyyətinin davam etməsinə ümid etdikləri ehtimallarını gücləndirir.
HƏMAS Tramp planını rədd edir
HƏMAS lideri Xalid Maşal İstanbul konfransında videobağlantı ilə çıxış edərək təşkilatın silahdan imtina etməyəcəyini və Qəzzaya hər hansı beynəlxalq nəzarəti qəbul etməyəcəyini bildirib. İsrail XİN bunu "Trampın sülh planına açıq ziddiyyət" adlandırıb və Vaşinqtona xüsusi məlumat göndərildiyini açıqlayıb. Maşalın "müqavimət və silah xalqın şərəfidir" sözləri konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.