"ABŞ-ın gizli vasitəçiliyi və Avropanın fəallaşdığı bir vaxtda danışıqların istiqaməti dəyişir..."
ABŞ prezidentinin danışıqlar komandası Ukrayna və Rusiya arasında mümkün sülh sazişi üçün tərəfləri bir sıra vacib güzəştlərə razı salmağı bacarıb.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
Kiyev və Moskva güzəştə məcbur edilir
Nəşrin məlumatlı mənbələri bildirir ki, Stiv Uitkoff və Cared Kuşner bu gün axşam Ukrayna prezidenti Vladimir Zelenski ilə iki saatlıq görüş keçirib. Söhbətlər əsasən ərazi məsələləri və müharibədən sonrakı təhlükəsizlik zəmanətləri üzərində cəmlənib.
Mənbələrin dediyinə görə, ərazi mövzusu ən mürəkkəb müzakirə olub, lakin Vaşinqton bu məsələni həll etmək üçün "yeni ideyalar" üzərində işləyir. ABŞ həmçinin Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri üzrə "əhəmiyyətli irəliləyiş" əldə edildiyini bildirir, amma detalların bütün tərəflər tərəfindən fərqli şərh edilməməsi üçün əlavə koordinasiya tələb olunur. Uitkoff və Kuşnerlə növbəti görüşlər gələn həftə davam etdiriləcək.
Bu arada Avropada da diplomatik fəallıq artır. Fransa, Almaniya və Böyük Britaniya liderləri dekabrın 8-də Londonda Zelenski ilə görüşəcək və ABŞ-ın təşəbbüsünü, habelə Rusiya zərbələrinin yaratdığı yeni təhlükəsizlik reallığını müzakirə edəcəklər. Lakin Qərb analitikləri tez bir sülh müqaviləsinə hələ də skeptik yanaşır.
Sülh təşəbbüsləri və yeni eskalasiya fonu
"Bloomberg" nəşrinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron görüşü artıq elan edib və Rusiyanın son kütləvi hücumlarını sərt tənqid edib. Onun sözlərinə görə, "Rusiya eskalasiya yolunu seçib və sülh istəmir". Makron hesab edir ki, Avropa "Moskvaya təzyiqi davam etdirməlidir ki, sülh yolunu seçməyə məcbur olsun".
Bu arada ABŞ rəsmiləri Ukrayna ilə təhlükəsizlik çərçivəsi üzrə ilkin razılıq əldə edildiyini bildirir, lakin ciddi irəliləyiş hələ yoxdur. Rusiya isə gecə boyunca Ukraynanın energetika sisteminə 653 dron və 51 raketlə hücum edib, bir neçə bölgədə elektrik kəsilib. Eyni zamanda Kiyev bildirir ki, Ukrayna ordusu Ryazan vilayətində "Rosneft"in neft emalı zavoduna zərbə endirib.
Ukraynanın hərbi kəşfiyyat rəhbəri Kirill Budanov isə bəyan edib ki, bütün gizli danışıqlar "kölgədə qalmalıdır", çünki belə proseslərin sızması onların uğursuzluğuna gətirib çıxara bilər.
"Avropa 2030-a müharibəyə hazırlaşır?"
Macarısta baş naziri Viktor Orban isə paralel olaraq Avropaya qarşı yeni siyasi ittihamların irəli sürüb. Orban tərəfdarları ilə görüşdə iddia edib ki, Avropa İttifaqı 2030-cu ilə qədər müharibəyə hazırlaşır və bu vəziyyətə görə Moskva deyil, məhz Avropa rəhbərliyi günahkardır.
Onun sözlərinə görə, "bu müharibəyə Macarıstanı da cəlb etməyə cəhd göstərə bilərlər", buna görə ölkə daha güclü və müstəqil siyasət yürütməlidir. Orban Avropanın diplomatik və iqtisadi əlaqələri qırdığını, hərbi çağırışları artırdığını və "müharibəni idarə etmə mərhələsinə keçdiyini" iddia edib.
O, həmçinin Rusiyanın təbliğatına uyğun olaraq ruslar və ukraynalıların "eyni xalq" olduğunu deyib və ABŞ prezidenti Donald Trampa "müharibəni sevmədiyi üçün" təşəkkür edib. Orban yaxın günlərdə Macarıstan nümayəndə heyətinin Moskvaya səfər edəcəyini, məqsədin iqtisadi əməkdaşlığın genişləndirilməsi olduğunu açıqlayıb.