Dünya çalxalanır: Putinin Hindistan səfəri hansı geosiyasi mesajları verdi?
Dünya
868
11:14, Bu gün

Dünya çalxalanır: Putinin Hindistan səfəri hansı geosiyasi mesajları verdi?

“Rusiya prezidentinin Hindistana iki günlük səfəri Avrasiyada formalaşan yeni geosiyasi nizam ilə bağlı mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Qərblə münasibətlərin ən kritik məqama çatdığı, Rusiya–Çin strateji yaxınlığının isə institusional səviyyədə gücləndiyi bir mərhələdə rəsmi Kremlin Dehliyə yönələn diplomatik fəallığı tamamilə məqsədyönlü xarakter daşıyır”
Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
 
Politoloq qeyd edib ki, bu səfər Moskvanın uzunmüddətli təhlükəsizlik və sabitlik hədəflərinə uyğun çoxvektorlu siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərir:
 
“İlk növbədə onu qeyd etmək lazımdır ki, Hindistanın Rusiya üçün prioritet tərəfdaş statusu yalnız iqtisadi və müdafiə sahələri ilə məhdudlaşmır. Qlobal güc balansının dəyişməsi, beynəlxalq münasibətlər sisteminin transformasiyası və belə bir məqamda Asiyanın artan strateji əhəmiyyəti Moskva–Dehli xəttinə xüsusi dəyər qazandırır. Bununla yanaşı, ABŞ–Çin rəqabətinin yaratdığı yeni geosiyasi boşluqlar həm Rusiya, həm də Hindistan üçün əlavə manevr imkanları yaratmış olur. İki ölkə arasında enerji əməkdaşlığının son illərdə sürətlə genişlənməsi bu kontekstdə ən vacib istiqamətlərdən biridir. Hindistanın rus neftinin əsas alıcılarından birinə çevrilməsi tədarük sistemində yeni reallıq yaradıb. Belə ki, ucuz enerji resursları rəsmi Dehlinin sənaye dinamizmini qoruyur, Moskva isə sanksiyalar fonunda etibarlı və həcmi böyük bazar əldə edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, səfər çərçivəsində Hindistanın Rusiyanın enerji layihələrində iştirakı kimi məsələlərin müzakirəsi də təsadüfi deyil. Səfərin diqqət mərkəzində olan digər vacib istiqaməti isə Şimal–Cənub Nəqliyyat Dəhlizidir. Bu marşrut Rusiyanın Avropa limanlarından asılılığını azaltdığı kimi, İran üzərindən Hindistana daha qısa və iqtisadi cəhətdən əlverişli logistika xətti yaradır. Hindistan üçün isə bu dəhliz Rusiya və Avropa bazarlarına daha sürətli çıxış təmin edən strateji nəqliyyat xəttidir. Şübhəsiz ki, bu yanaşma Dehlinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə alternativ axtarışları ilə də uyğun gəlir”.
 
Politoloq vurğulayıb ki, Putinin Hindistan səfəri beynəlxalq sistemdə yeni güc balansının formalaşdığını təsdiqləyən mühüm siyasi hadisə kimi çıxış edir:
 
“Enerji, müdafiə, texnologiya və logistika sahələrində genişlənən əməkdaşlıq Moskva–Dehli əlaqələrini faktiki olaraq strateji tərəfdaşlıq səviyyəsinə yaxınlaşdırır. Bu dinamika Avrasiyanın gələcək geosiyasi arxitekturasının müəyyənləşməsində Rusiya–Hindistan xəttinin mühüm rol oynayacağını göstərir. Rusiya üçün Hindistan yalnız böyük iqtisadi bazar deyil, həm də çoxqütblü beynəlxalq nizamın formalaşmasında əsas strateji aktorlardan biri kimi dəyərləndirilir”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər