Dünya
473
21:45, Bu gün

"Putin niyə Trampın təzyiqi qarşısında Maduroya sahib çıxmır?" - "Deutsche Welle"

"Putin üçün Trampa qarşı çıxmaq indi "özünə atəş açmaq" deməkdir..."

Karib dənizindəki məşhur Marqarita adası rusiyalı turistlərlə vidalaşır. Rusiyanın Turist Operatorları Assosiasiyası bildirir ki, rusiyalı turistlər artıq Marqaritaya yox, Kubanın Varadero kurortuna yönləndiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" yazıb.

Venesuelaya gedən Rusiya axını dayanır

Nəşr qeyd edir ki, adada olanlar hələlik təxliyə olunmur, amma proses göstərir ki,Rusiyadan gediş tədricən dayanacaq. Səbəb isə Venesuela prezidentinə qarşı təzyiqi artıran Donald Trampdır.

ABŞ administrasiyası Maduro rejimini narkotrafikə himayədarlıqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri onlarla kiçik qayığı xəbərdarlıq etmədən məhv edib. Tramp Maduroya istefa üçün bir həftə vaxt verib, Maduro isə guya "1,5 il" istəyib. Bu arada ABŞ-ın ən böyük aviadaşıyıcısı "Gerald Ford" Venesuela sahillərinə göndərilib.

Bu vəziyyətdə Vladimir Putinin tam sükutu diqqət çəkir. Halbuki Venesuela Rusiya silahlarının mühüm alıcısıdır, enerji layihələri var və hətta nüvə reaktoru tikintisi barədə razılaşmalar mövcuddur. Amma Kreml "qardaş rejimə" bu dəfə dəstək göstərmir.

Kremlin susqunluğu: niyə yardım yoxdur?

Moskvanın guya gizli silah göndərməsi real deyil: ABŞ kəşfiyyatı belə həcmi gizlədə bilməz. Üstəlik, Maduroya indi HHM sistemləri və dronlar lazımdır, bunu gizlətmək mümkün deyil. Müəllif hesab edir ki, səbəb açıqdır: Rusiya Ukrayna müharibəsi fonunda Venesuelanı müdafiə edə bilmir. Resurslar tükənib, bəzi sistemlər isə cəmi bir neçə nüsxədə mövcuddur.

Amma əsas məsələ başqa yerdədir: Putin üçün Trampa qarşı çıxmaq indi "özünə atəş açmaq" deməkdir. Bir tərəfdə Trampın kürəkəninə Moskvada xüsusi səfər təşkil etmək, digər tərəfdə isə Amerika pilotlarını vuracaq rejimə yardım göndərmək Kremlin diplomatik xəttinə ziddir.

Uzanan müharibə Rusiyanı tükəndirib. ABŞ-la "mümkün danışıqlar" Kremlin yeganə nəfəsliyidir. Buna görə də Moskva üçün indi Tramp Madurodan daha vacibdir. Maduro devrilərsə, Kreml maksimum BMT-də bəyanat verəcək, Rusiya TV studiyalarında qışqıracaqlar, vəssalam.

Maduro devrilərsə, Putin Qlobal Cənubdakı dayaqlarını itirəcək

Maduronun mümkün devrilməsi Putin üçün təkcə fiasko deyil, bu, onun Qlobal Cənubda illərlə yaratdığı imicin çökməsi deməkdir. Hindistan, Meksika, İndoneziya kimi ölkələr üçün Venesuela antiimperialist ritorikası və neft sərvəti ilə Qlobal Cənubun rəmzidir. Maduronun yerinə Qərbpərəst hakimiyyət gəlsə, həmin ölkələr anlayacaq ki, Putin heç kimin dostu deyil, sadəcə öz müharibəsinin girovudur.

Bundan sonra Rusiya ilə ticarət və sanksiyaların dolanması yalnız praktiki maraqlara əsaslanacaq. Amma siyasi nüfuz, xüsusilə Latın Amerikasında, ciddi şəkildə zədələnəcək. Müəllif belə nəticə çıxarır: Venesuela rejiminin ABŞ təzyiqi ilə çökməsi Putinin illərlə qorumağa çalışdığı "böyük dövlət" obrazının növbəti dağılması olacaq və görünür, Moskva üçün bunun artıq elə də fərqi yoxdur.

Link kopyalandı!
Son xəbərlər