"İşğal olunmuş ərazilərdən uşaqların aparılması və ya deportasiyası 1949-cu il Cenevrə Konvensiyalarının açıq pozuntusudur..."
BMT Baş Assambleyası dekabrın 4-də mühüm qətnamə qəbul edib. Sənəd Rusiyadan tələb edir ki, qeyri-qanuni deportasiya etdiyi bütün ukraynalı uşaqları dərhal və heç bir ilkin şərt olmadan geri qaytarsın.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Deportasiya olunmuş bütün uşaqlar geri qaytarılmalıdır
Qətnamə həmçinin Moskvanı uşaqların "ideoloji işlənməsi", ailələrindən ayrılması, şəxsi statuslarının dəyişdirilməsi, o cümlədən vətəndaşlıq verilməsi və rus ailələrinə verilməsi praktikasını dayandırmağa çağırır. Sənəd xatırladır ki, işğal olunmuş ərazilərdən uşaqların aparılması və ya deportasiyası 1949-cu il Cenevrə Konvensiyalarının açıq pozuntusudur.
Qətnamədə vurğulanır ki, silahlı münaqişənin bütün tərəfləri uşaqların təhlükəsizliyinin təmin edilməsinə, qayğısına və ailələri ilə birləşdirilməsinə dair beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməlidir.
Səsvermədə kim qətnamənin "lehinə", kim "əleyhinə olub?
Sənədi 91 dövlət, o cümlədən ABŞ dəstəkləyib. 12 ölkə - Rusiya, Belarus, Kuba, İran, Şimali Koreya, Nigeriya, Mali, Sudan, Burkina-Faso, Burundi, Eritreya və Niger qətnaməyə qarşı çıxıb. 57 dövlət bitərəf qalıb. Onların arasında Çin, Hindistan, Braziliya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Misir, Qətər, Pakistan və digərləri var.
Ukrayna xarici işlər nazirinin müavini Maryana Bettsa səsvermə ərəfəsində bildirib ki, bu sənəd "siyasi yox, humanitar bir məsələdir" və beynəlxalq ictimaiyyətin mənəvi borcunu əks etdirir. Onun sözlərinə görə, Rusiya təkcə uşaqları öldürmür və şikəst etmir, həm də onların kimliyini silməyə çalışır - dil, ədəbiyyat və tarix qadağan edilir, uşaqlar "uşaq orduları"na göndərilir və hərbi-ideoloji təlimə məruz qalır.
Reaksiyalar, ittihamlar və faktlar
Rusiyanın BMT-dəki nümayəndəsi Mariya Zabolotskaya sənədi "uzunmüddətli sülh prosesini pozmağa yönəlmiş addım" adlandırıb və iddia edib ki, qətnaməyə verilən hər bir "lehinə" səs "yalanın və konfrontasiyanın dəstəyi", hər bir "əleyhinə" səs isə "sülhə səsdir". Ukrayna XİN məlumatına görə, bu günə qədər Rusiyanın deportasiya etdiyi ukraynalı uşaqların sayı 20 mindən az deyil. Onlardan yalnız 1850 nəfəri geri qaytarılıb.
2023-cü ilin martında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi məhz ukraynalı uşaqların qanunsuz şəkildə Rusiyaya aparılması ilə bağlı Vladimir Putinin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib. Son məlumatlara görə, deportasiya marşrutları yalnız Rusiya və Belarusla məhdudlaşmır, ukraynalı uşaqların bir hissəsinin Şimali Koreyaya "yenidən tərbiyə" üçün aparıldığı da açıqlanıb.