Bu günlərdə Tehran metrosunun "Müqəddəs Məryəm" adlı yeni stansiyasının açılışı olub.
Moderator.az "Azad İran" "YouTube" kanalına istinadən xəbər verir ki, stansiyanın istifadəyə hazır olduğu barədə məlumatlar hələ oktyabr ayında yayılsa da, rəsmi təntənəli açılış mərasimi ötən həftənin sonunda baş tutub.
İran paytaxtının düz mərkəzindəki metro stansiyası üçün "Müqəddəs Məryəm" adının seçilməsi İran ermənilərinə məxsus "Müqəddəs Sarkis" kilsəsinin onunla üzbəüz yerləşməsi ilə izah olunub. Həmin kilsədə Tehran ermənilərinin yeparxiyası fəaliyyət göstərir.
Yəni stansiyaya əslində ermənilərin şərəfinə bu cür ad verilib. Bunu İran mediasındakı yazılar da təsdiq edir. Hətta İran təhlükəsizlik orqanlarına bağlı "Nur News" portalı bununla əlaqədar dərc etdiyi məqalədə "Tehran Müqəddəs Məryəm adına təzim edir" başlığından istifadə edib.
Onu da qeyd etmək lazımdır ki, stansiyanın əvvəlcə başqa ad daşıyacağı nəzərdə tutulurdu. Belə ki, bu ilin aprelində yayılan xəbərlərdə həmin stansiya "Şəhid Nicatullahi" adı ilə təqdim olunub və onun tezliklə istifadəyə veriləcəyi bildirilib. Aydın olur ki, yeni stansiyaya İranda inqilab zamanı şah qüvvələri tərəfindən qətlə yetirilmiş universitet müəllimi Kamran Nicatullahinin adı veriləcəkmiş, lakin sonradan hakimiyyət orqanları bu fikirdən daşınaraq "Müqəddəs Məryəm" adına üstünlük veriblər. Görünür, bu, İranın Ermənistanla getdikcə daha da sıxlaşan və dinamik inkişaf edən münasibətləri kontekstində məqsədəuyğun sayılıb.