Dünya
190
18:45, Bu gün

"ABŞ-ın yeni strategiyası və Ukrayna müharibəsi: Avropa güzəştlərə hazırlanır" - "Reuters"

"Vaşinqtonun prioritetləri dəyişir, Brüssel isə Kiyevdən real kompromislər gözləyir..."

ABŞ administrasiyası yenilənmiş milli təhlükəsizlik strategiyasını açıqlayıb və Ukraynada müharibənin dayandırılması Vaşinqtonun "əsas milli marağı" kimi göstərilib. 

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

ABŞ-ın əsas marağı müharibənin bitməsidir

Sənədə görə, Avropanın iqtisadiyyatının sabitliyi, münaqişənin genişlənməsinin qarşısının alınması və Rusiya ilə strateji sabitliyin bərpası ön plandadır. Vaşinqton NATO-nun "daima genişlənən Alyans" kimi fəaliyyətini vacib saymır və müdafiə yükünün əsas hissəsinin AB tərəfindən daşınmalı olduğunu bildirir.

Pentaqon Avropa ölkələrinə xəbərdarlıq edir: 2027-ci ilə qədər müdafiənin əsas hissəsini öz üzərinizə götürün, əks halda ABŞ bəzi mexanizmlərdən çəkilə bilər. Avropa isə bunu,  xüsusən də ABŞ-ın yerini doldura biləcək kəşfiyyat və izləmə imkanlarının olmadığına görə, real hesab etmir.

Rusiya aktivlərinə toxunmamaq tələbi

"Bloomberg" yazır ki, ABŞ Avropa ölkələrini Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynaya kredit ayrılması planını dayandırmağa sövq edir. Vaşinqton hesab edir ki, bu vəsaitlər sülh danışıqlarında təzyiq aləti kimi qalmalıdır.

Avropa isə buna qarşı çıxır. Ursula fon der Lyayen aktivlərin gəlirləri hesabına maliyyələşmə ideyasını dəstəkləyir və Kiyevin 2026-2027-ci illər üçün 135 milyard avroluq maliyyə ehtiyacını qarşılamağın yollarını axtarır. Tramp administrasiyasının yardımı azaltması fonunda Ukrayna 2026-cı ilin əvvəlində maliyyə boşluğu riski ilə üz-üzədir.

"Ərazi güzəştləri qaçılmazdır"

"El Pais" nəşri yazır ki, Brüsseldə Ukraynanın danışıqlar üzrə nümayəndəsi Rüstəm Ömərovla görüş zamanı Avropanın aparıcı ölkələri açıq deməsələr də, "sülh üçün müəyyən ərazi güzəştlərinin qaçılmaz olduğu" mesajını veriblər.

Brüsselin arqumenti belədir: Rusiya artıq Ukraynanı tam işğal edə bilmir, əsas maliyyə yükünü Avropa daşıyır, müharibənin bitməsi üçün kompromis qaçılmaz görünür.
Baltikyanı ölkələr və Polşa isə bu yanaşmaya qarşı çıxır - onlar bunu öz təhlükəsizliklərinə də təhdid sayırlar.

Hazırda iki sual müzakirə olunur: Ukrayna hansı güzəştlərə razı ola bilər; ABŞ hansı real təhlükəsizlik zəmanətləri verəcək? "El Pais" ehtimal edir ki, mümkün kompromis paketinə Ukraynanın Aİ-yə sürətli qəbul edilməsi də daxil edilə bilər.

Vaşinqton və Brüsseldə artıq "sülhün qiyməti" açıq danışılır və bu qiymətin Kiyev üçün ağır olacağı demək olar ki, hər kəsə bəllidir.

Link kopyalandı!
Son xəbərlər