"Ermənistan hökuməti ATƏT-in Minsk qrupu həmsədrlərinin iş materiallarını, eyni zamanda, dövlət başçılarının yazışmalarını icazəsiz yaymaqla etik normaları pozub".
Moderator.az xəbər verir ki, bu açıqlamanı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova verib.
Daha əvvəl Ermənistan hökuməti "Qarabağ münaqişəsinin nizamlanması üzrə" danışıqlar prosesinin sənədlərini dərc edib. Nazirlər Kabinetinin saytında yerləşdirilən materiallar arasında ümumilikdə 13 sənəd, o cümlədən Kazan prinsipləri, Minsk Qrupu vasitəçilərinin 2019-cu ildə verilmiş təklifləri, eyni zamanda, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın Rusiya Prezidenti Vladimir Putinə avqust 2016-cı il tarixli məktubu və s. də var.
"Minsk qrupu həmsədrləri üçlüyünün iş materiallarını və xüsusən də maraqlı tərəflərin icazəsi olmadan dövlət başçılarının yazışmalarını açıqlamaqla, İrəvan sadəcə olaraq etik normalara məhəl qoymayıb. Bir halda ki, onlar bunu ediblər, biz də buna şərh verərik. Fikrimcə, dərc olunmuş materiallar rəsmi İrəvanın son vaxtlar irəli sürməyə çalışdığı tezisləri dağıtmış olur", - deyə diplomat qeyd edib.
M.Zaxarova bildirib ki, Rusiyanın da qəbulunda yaxından iştirak etdiyi BMT və ATƏT sənədlərinin ictimailəşdirilməsi bircə məqamı sübut edir: Rusiya üç onillik ərzində öz tərəfindən və Minsk qrupu həmsədri kimi münaqişənin siyasi-diplomatik yolla həllində ciddi cəhdlər göstərib və "heç də az iş görməyib".
"Vasitəçilərin, Minsk qrupu həmsədrlərinin vəzifəsi isə sözügedən şəraitdə Bakıya və İrəvana münaqişənin həllində yardım göstərmək, bunu ömürlük düşmənçiliyə çevirməmək idi. Bəli, bu sənədlərdən belə çıxır ki, imkanlar olub, amma onlar əldən verilib. Bu isə bizim günahımız deyil", - deyə M.Zaxarova fikrini yekunlaşdırıb.