Prezident Kasım-Jomart Tokayev Qazaxıstana ilk rəsmi səfərini edən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstanın Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tokayev səfərin Qazaxıstanın Avropa İttifaqı ilə imzaladığı “Əhatəli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin” 10 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.
“Biz sizin səfərinizə xüsusi əhəmiyyət veririk. Bu, Qazaxıstan və Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsinə dair qarşılıqlı hazırlığımızın növbəti sübutudur. Biz qarşılıqlı hörmət və anlayışa əsaslanan möhkəm və məzmunlu tərəfdaşlıq qurmuşuq. Siyasi dialoqumuz dinamikdir və qarşılıqlı maraq doğuran bir çox istiqamətlər üzrə inkişaf edir”, - Tokayev bildirib.
Koşta Qazaxıstan-Avropa münasibətlərinin yüksək dinamikasını vurğulayıb və Aİ-nin hərtərəfli əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu qeyd edib:
“Son on il ərzində Avropa İttifaqı Qazaxıstanın ən böyük ticarət tərəfdaşı və xarici investoru olub. Eyni zamanda, neft və uran tədarükündə üçüncü yerə yüksələn Qazaxıstan Avropanın iqtisadi təhlükəsizliyinin təminində mühüm rol oynayır. Aydındır ki, biz bu gün münasibətlərimizin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin inkişafında yeni mərhələyə daxil oluruq”.
Koşta əlavə edib ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq müasir çoxtərəfli dünyada münasibətlərin inkişafı və praktiki irəliləyişi üçün mühüm elementdir. Bu kontekstdə o, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində Prezident Kasım-Jomart Tokayevin şəxsi səylərini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, regionda təhlükəsizliyin təmin olunması Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Avropanı birləşdirəcək Transxəzər dəhlizinin inkişafı üçün yeni imkanlar açır.