Gürcüstanın məqsədi Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması və ərazi bütövlüyünün bərpasıdır.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclasında çıxışında bildirib.
Nazir qeyd edib ki, Gürcüstanın sülh siyasəti işğala son qoyulmasından və işğal xətləri ilə bölünən cəmiyyətin birləşdirilməsindən ibarətdir.
“Biz tərəfdaşlarımıza Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyə görə minnətdarıq. Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həllinin ATƏT-in və digər beynəlxalq təşkilatların gündəliyində vacib yer tutması önəmlidir”, - Boçorişvili əlavə edib.
XİN başçısı vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzü hər hansı bir “kollektiv təhlükəsizlik çətiri” ilə müdafiə olunmayan Gürcüstanın üzləşdiyi təhdidləri daha da kəskinləşdirib:
“Bu kontekstdə sabitlik bizim təhlükəsizliyimizin təminatı üçün son dərəcə vacibdir”.