Bizi sosial şəbəkələrdən izləyin:
“Qonşumuz Yunanıstanın hərbi fəaliyyətləri daxil olmaqla, bölgəmizdəki bütün hadisələr diqqətlə və yaxından izlənilir”.
Moderator.az xəbər verir ki, bunu Yunanıstan müdafiə naziri Nikos Dendiasın açıqlamasını şərh edərkən Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.
“Həmişə vurğuladığımız kimi, Egey dənizi də daxil olmaqla, bölgəmizin sülh və sabitlik zonası olması ölkəmizin əsas prioritetidir. Bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetiririk. Gözləntimiz budur ki, Yunanıstan da eyni mövqeni nümayiş etdirsin. Bəzi Yunanıstan rəsmiləri tərəfindən gərginliyi artıran hərəkət və açıqlamalar, beynəlxalq sazişlərə zidd, faktlardan uzaq və xəyali bəyanatlar yalnız iki ölkənin liderləri arasında yaranmış müsbət atmosferə zərər vurmaqdan başqa heç bir işə yaramır.
Türkiyə Silahlı Qüvvələri heç kim üçün təhdid yaratmır, amma ölkəmizə yönələcək hər cür təhlükəni dəf etmək gücü və qətiyyətinə malikdir. Keçmişdə Türkiyəyə qarşı yönələn təşəbbüslər nəticəsiz qaldığı kimi, bu gün və gələcəkdə də uğur qazanmayacağını bir daha xatırladırıq”, - o vurğulayıb.
Xatırladaq ki, Nikos Dendias bundan əvvəl Yunanıstanın Türkiyəyə yaxın adalarda raket sistemləri yerləşdirəcəyini açıqlamışdı. /Teleqraf/