Paşinyan sərt siyasət yürüdür, Qərb susur: Ermənistanda repressiyaların arxasında nə dayanır?
Dünya
452
13:20, Bu gün

Paşinyan sərt siyasət yürüdür, Qərb susur: Ermənistanda repressiyaların arxasında nə dayanır?

Ermənistanda son dövrlər siyasi mühit sürətlə avtoritar istiqamətə doğru dəyişir. Müxalifət liderlərinin həbsi, jurnalistlərin susdurulması, kilsəyə qarşı təzyiqlər və ümumilikdə insan haqlarının kobud şəkildə pozulması ölkədə ciddi narazılıq doğurur. Buna baxmayaraq Qərb bu proseslərə göz yumur.
 
Ermənistanda müxalifətə, mediaya və kilsəyə qarşı artan təzyiqlərin əsas səbəbi nədir? Hakimiyyət bu repressiyalarla hansı siyasi məqsədlərə nail olmaq istəyir? Qərbin və Avropa İttifaqının Ermənistandakı insan haqlarının pozulmasına susqun qalmasının arxasında hansı geosiyasi və siyasi maraqlar dayanır?
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq  Elçin Xalidbəyli bildirib ki, Ermənistanda Paşinyan hakimiyyətinin son zamanlar sərt daxili siyasət yürütməsinin əsas səbəbi növbəti parlament seçkilərinin keçirilməsi ilə bağlıdır:
 
“Bu seçkilərdə   yalnız Ermənistanın deyil, Paşinyan hakimiyyətinin də gələcək taleyi həll olunacaq. Paşinyan hakimiyyəti də anlayırlar ki, əgər qarşı tərəf qalib gələrsə, o zaman Paşinyan hakimiyyətinin təmsilçilərinin böyük əksəriyyəti başda baş nazir Nikol Paşinyan olmaqla həbs oluna bilərlər və onlar üçün həyatın qalan hissəsi dəmir barmaqları arasında keçə bilər. Ona görə də Paşinyan hakimiyyəti hazırda ölkədaxili  sərt,  aqressiv siyasət yürüdür. Digər tərəfdən, indiki hakimiyyət artıq dəqiq bilir ki, erməni kilsəsi də,  radikal revanşist düşərgəsi də, eyni zamanda oliqarxiya da Rusiyanın maraqlarına xidmət edir, agentura şəbəkəsi rolunu oynayır və Kreml Ermənistanda hakimiyyətin dəyişməsində maraqlıdır. Bu səbəbdən də Kreml həm erməni kilsəsini, həm erməni oliqarxiyasını, həm də radikal revançı düşərgəni hakimiyyət çevrilişi üçün təlimat vermiş kimi görünür. Üstəlik,  Kremlə yaxın media qurumları bu prosesin propaqandasını da aparırlar. İndiki hakimiyyət də  növbəti seçkilərdə məğlubiyyətə uğramamaq üçün Rusiyanın agentura şəbəkəsinin sıradan çıxarılmasına cəhd göstərir. Təbii ki, bu prosesdə insan hüquqlarının pozulması halları da müşahidə olunur. Ancaq Qərbdən hələlik bu məsələyə o qədər də ciddi reaksiya verilmir. Çünki Qərbin geopolitik maraqları Paşinyan hakimiyyətinin hədəfləri ilə təxminən üst - üstə düşür. Qərb hesab edir ki, Paşinyan hakimiyyətinin qorunması, Qərb yönümlü siyasət yürüdən bir hökumətin mövcud olması Ermənistana nəzarət imkanları yarada bilər və bu məqsədlə də indiki hakimiyyətinin dəstəklənməsinə davam edilir”.
 
Politoloq qeyd edib ki, Avropa Birliyinin mülki müşahidə missiyası artıq Ermənistanda yerləşib və bu mülki müşahidə missiyası daha çox Qərb ölkələrinin kəşfiyyat orqanlarında xidmət etmiş şəxslərdən təşkil olunub:
 
 “Digər tərəfdən, Zəngəzur dəhlizinin açılma ehtimalı mövcuddur və Amerika Birləşmiş Ştatları ilə yanaşı, Avropa Birliyi də bu önəmli geopolitik, geostrateji və geoiqtisadi layihəyə xüsusi diqqət yetirir. Son vaxtlar Avropa Birliyinin rəsmi dairələrindən verilən açıqlamalarda Zəngəzur dəhlizinə olan maraq açıq şəkildə müşahidə olunur. Əslində bu da gözlənilməz deyil. Çünki Zəngəzur dəhlizi açıldığı təqdirdə Orta Asiya və Avropa nəqliyyat, kommunikasiya, logistika baxımından demək olar ki, vahid xətt üzərində birləşmiş olacaq. Təbii ki, Qərbdə, xüsusilə də Avropa məkanında Zəngəzur dəhlizinə maraq artmağa başlayıb və bu baxımdan da bu dəhlizin açılmasına xüsusi önəm verən Paşinyan hakimiyyətinin dəstəklənməsi daha ön planda tutulan bir hədəfə çevrilib. Yəni hər şey ortaq və özəl maraqlar üzərindən baş verir. Paşinyan hakimiyyəti hakimiyyətdə qalmaq istəyir, ona görə də Rusiyanın təsiri altında olan qüvvələri sıradan çıxartmağa çalışır. Avropa Birliyi və ABŞ Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyirlər və Zəngəzur dəhlizi kimi önəmli layihənin  reallaşdırılmasında maraqlıdırlar. Eyni zamanda, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması baxımından Ermənistanda gedən proseslər həm  ABŞ-ın, həm də  Avropa Birliyinin maraqlarına paralellik təşkil edir”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər