Rusiya–Ukrayna müharibəsi artıq regional qarşıdurma çərçivəsini çoxdan aşaraq qlobal geosiyasi nizamın formalaşmasına təsir edən ən kritik proseslərdən birinə çevrilib. ABŞ ilə Rusiya arasında gedən sakit, lakin sərt güc mübarizəsi Avropanın təhlükəsizliyini təhdid edir, Cənubi Qafqazdan tutmuş Yaxın Şərqə qədər bir çox bölgədə qüvvələr balansını dəyişir.
Qərb mediasında “Ukraynanın taleyi həll olunur”, “sərhədlər yenidən çəkilir” kimi açıqlamaların səslənməsi bölgü ssenarilərinin masada olduğunu göstərir.
Eyni zamanda Rusiya özünü SSRİ-nin siyasi varisi kimi apararaq Ukrayna üzərində tarixə söykənən nəzarət hüququ iddia edir. ABŞ və Avropanın isə savaşın gedişinə uyğun şəkildə “konsensus” axtarması Kiyevin gələcəyi ilə bağlı ciddi suallar yaradır. Əgər Ukrayna üzərində belə bir bölgü modeli tətbiq edilərsə, sabah başqa MDB ölkələrinin eyni aqibətlə üzləşməyəcəyinə kim təminat verə bilər?
Konfliktoloq Azər Hüseynov Moderator.az-a bildirib ki, o, hələ müharibənin ilk aylarında Ukraynanın mümkün bölünməsi ilə bağlı proqnoz verərkən Qərbin Ukrayna məsələsində parçalanacağını, Zelenskinin ətrafında ciddi siyasi çatlar yaranacağını və nəticədə Kiyevin tək qalacağını deyib:
“Təəssüf ki, bu gün yaşananlar həmin proqnozların özünü doğrultduğunu göstərir. Ukrayna hazırda ərazilərini itirmək təhlükəsi ilə üz-üzədir. Müharibənin ilk mərhələlərində Qərbin verdiyi vədlərə həddindən artıq güvənilməsi, siyasi hakimiyyətin “məhdud olmayan dəstək” illüziyasına düşməsi strateji səhvlərə səbəb oldu. Bu gün Ukraynanın mühüm bir hissəsi artıq Rusiyanın nəzarəti altındadır və reallıq ondan ibarətdir ki, Qərb siyasi gündəmini dəyişdikcə Kiyev daha da təcrid vəziyyətinə düşür.
Bu proses MDB məkanındakı digər dövlətlər üçün də ciddi dərs olmalıdır. Sual doğur: Oxşar aqibətlə başqa hansı ölkələr üz-üzə qala bilər? Burada əsas meyar ölkələrin yürütdüyü xarici siyasətin xarakteridir. Əgər dövlətlər balanslı, milli maraqlara söykənən, regional güclərlə də, qlobal mərkəzlərlə də rasional münasibətlər qura bilən xətt seçirlərsə, özlərini bu cür risklərdən sığortalaya bilərlər.
Azərbaycanın nümunəsi bunu açıq şəkildə göstərir. Azərbaycan uzun illərdir balanslı və çoxvektorlu siyasət yürüdür. Bu siyasət ölkənin həm Qərblə, həm Rusiya ilə, həm də regional tərəfdaşlarla eyni anda effektiv işləməsinə imkan verir. Beləliklə, Azərbaycanın regional proseslərdə müstəqil mövqeyi, təhlükəsizlik və iqtisadi maraqlarını təmin etmək gücü qorunur.
Bu gün daha aydın görünür ki, balanslı siyasət regionda mövcud olmağın, milli maraqları təmin etməyin və geosiyasi təhlükələri minimuma endirməyin yeganə rasional yoludur. Azərbaycanın bu xətti təkcə siyasi taktika deyil, həm də uzunmüddətli strateji düşüncənin nəticəsidir. Region ölkələri üçün də real təhlükəsizlik modelinin əsasını məhz bu formada çoxşaxəli, praqmatik və emosiyadan uzaq siyasət təşkil edə bilər.
Ukraynanın bölünməsi və ya müvəqqəti olaraq de fakto ərazi itirməsi ehtimalı yüksəkdir. Lakin bu o demək deyil ki, bu ərazilər daim onun nəzarətində olmayacaq”.
Mehin Mehmanqızı