NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında Rusiya-Ukrayna müharibəsi və Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Moderator.az xəbər verir ki, iclasda nazirlər güc və birlik ehtiyacını önə çəkərək, diqqəti müdafiə xərclərinin 2035-ci ilədək ümumi daxili məhsulun 5 faizi həddinə çatdırılmasını təmin edəcək etibarlı yol xəritəsinin hazırlanmasına yönəldiblər.
Baş katib Mark Rutte bildirib ki, bu, istənilən təcavüzün qarşısını almağa qadir, daha güclü və adaptasiya oluna bilən Alyans qurmaq deməkdir.
“NATO ərazisinin hər qarışını müdafiə etməyə hazır olmalıyıq”, - deyən M.Rütte Alyansın şərq cinahında qüvvələrin gücləndirildiyini və müasir texnika ilə təchizatın artırıldığını qeyd edib.
İclasda müttəfiqlərin PURL təşəbbüsü çərçivəsində hava hücumundan müdafiə daxil olmaqla mühüm imkanlar təqdim etdikləri bildirilib və yeni öhdəliklər elan olunub.
Rütte müttəfiqləri 2026-cı il üçün öhdəliklərin sürətləndirilməsinə çağırıb:
“Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə sıx bağlıdır. Ukraynanın bu gün özünü müdafiə etməsinə və sabah təhdidlərin qarşısını almağa kömək üçün dəstəyimiz fasiləsiz davam etməlidir”.