Türkiyə Bolqarıstan və Rumıniya ilə birgə Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün işçi qrupu qurub.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.
Nazir bildirib ki, Qara dənizdə gəmilərə yönəlmiş son hücumlar dəniz ticarətini ciddi təhlükə altında qoyur:
“Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə NATO üzvü olan üç ölkədir. Biz xüsusilə müharibədə istifadə olunan minaların üzərək sahilyanı ərazilərimizə gəlməsi və ticarətimizə, təhlükəsizliyimizə mane olmasını aradan qaldırmaq məqsədilə bir işçi qrupu yaratdıq. Hərbi və dəniz qüvvələrimiz artıq bu məsələ üzərində fəaliyyətə başlayıb.
Gördük ki, üç önəmli NATO ölkəsi Qara dənizdə fəaliyyət göstərdikdə müəyyən nəticələr əldə edilir, amma bunu daha da irəli aparmaq lazımdır. Xarici işlər və müdafiə nazirləri olaraq bir araya gəlib daha çox nə edə biləcəyimizi müzakirə etdik. Son hücumlar göstərdi ki, Türkiyənin əvvəldən etdiyi xəbərdarlıqlar haqlı idi.
Müharibənin coğrafiyası və istifadə olunan üsullar genişlənir və bu da təhlükəsizliyi ciddi şəkildə təhdid edir”
Nazir əlavə edib ki, xüsusilə mülki gəmi və iqtisadi sahələrə yönələn hücumlar Qara dənizdə ticarət və insan nəqliyyatını risk altında qoyur.