Türkiyə xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin toplantısında əsas müzakirə mövzusu Rusiya və Ukrayna arasında mümkün sülh sazişi məsələsi olduğunu bildirib.
Moderator.az-ın məlumatına görə, nazir sülh prosesində Türkiyənin əsas aktorlardan biri kimi fəal rol oynadığını vurğulayıb:
“Avropalı həmkarlarımızla bu gün NATO çərçivəsində keçirilən görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasında mümkün sülh sazişi və bu istiqamətdə mövcud proseslərin gedişi oldu. Bildiyiniz kimi, Türkiyə Ukrayna sülh danışıqlarında əsas aktor olduğuna görə bu mövzularla bağlı fikrimiz daim soruşulur. Müzakirə texnikası baxımından ən vacib məsələ tərəflərin masadan qalxmamasıdır. Uzun illər vasitəçilik təcrübəm göstərir ki, mövqelər nə qədər fərqli olsa da, uzlaşmaq niyyəti varsa ortaq nöqtə tapılır. Hazırda vasitəçilik rolunu oynayan Steve Uitkoffun bu prosesdə mühüm rolu var və kifayət qədər təcrübəyə malikdir.
Tərəflər bildirirlər ki, Avropada əldə olunacaq mümkün barış yalnız müharibəni dayandırmayacaq, həm də qitənin müharibə sonrası yeni sistemini formalaşdıracaq. Bu səbəbdən potensial anlaşmaya böyük əhəmiyyət verilir. Sənəd Avropanın gələcək təhlükəsizliyini, aktorların qazanc və risklərini müəyyən edəcək, bu da müxtəlif hesablamalara və düşüncə qarışıqlığına səbəb olur”, – deyə Hakan Fidan qeyd edib.